Bakı. Trend:
Ali məktəblərdə ixtisasından fərqi olmayaraq gender bərabərliyinə aid fənn tədris edilməlidir.
Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Millət vəkili bildirib ki, bununla bağlı hüquqşünaslar, psixoloqlar, sosioloqlar, iqtisadçılar xüsusi dərsliklər hazırlaya bilərlər:
“Orta məktəblərdə kişi müəllimlərin sayı həddən artıq azdır. Bunun bir çox səbəbi var. Bu təkcə bir nazirliyin işi deyil. Problemin qarşısını almalıyıq. Təklif edirəm ki, məktəb direktorlarının müavinləri kişilər olsun. Düzdür, bu, qanunvericilikdə əks olunmaya da bilər. Məktəblərdə bir yox, iki psixoloq olsun, biri qadın, biri kişi olsun. Bu gənclərimizin tərbiyə edilməsində böyük rol oynayacaq”.