...

Bəstəkar Emil Şahin pop kraliçası Hadisəyə şok yaşatdı (FOTO, VİDEO)

Mədəniyyət Materials 21 Aprel 2011 15:58 (UTC +04:00)
Bəstəkar Emil Şahin pop kraliçası Hadisəyə şok yaşatdı
Bəstəkar Emil Şahin pop kraliçası Hadisəyə şok yaşatdı (FOTO, VİDEO)

Azərbaycan, Bakı, 21 aprel /Trend, müxbir Ş.Cavadsoy/

Bir neçə gün bundan əvvəl şəhərimizdə yenicə açılmış "Waggon Paris" elit butik-klubunun açılışına Türkiyənin çox populyar ulduzu, "Eurovison-2009"da fərqli performans sərgiləyən Hadisə Açıkgözün qatıldığı çoxlarına məlumdur. Bu xanım qardaş ölkədə pop kraliçası kimi qəbul edilir. Onun vətənimizə hər gəlişində əsl hadisə yaşanır desək, daha doğru səslənər. Dünya miqyasında tanınan müğənnini Azərbaycanla bağlayan daha bir səbəb isə tanınmış bəstəkar, mahnıları əksər yerli müğənnilərin repertuarında yer alan Emil Şahinlə dost münasibətində olmasıdır. Belə ki, cütlük yaxın zamanlarda birgə yaradıcılıq əməkdaşlığına imza atacaqlar. Emilin yazmış olduğu "Follow my way" mahnısı yeni aranjmanda hazırlanır və H.Açıkgözün ifasında layihə kimi dinləyicilərə təqdim olunacaq. Bütün bunları nəzərə alıb, eləcə də bəstəkarın İstanbulda müğənni ilə görüşü haqqında məlumatlı olduğumuzdan tədbir boyu gözümüz E.Şahini axtardı. Ola bilməz ki, o, yaxın dostunun Bakıda açılışa gəlməsindən xəbərsizdir. Trend-ə qısa müsahibəsi zamanı Hadisədən ilk olaraq Emillə görüşüb-görüşməməsini soruşduq:

- Şəhərinizə növbəti səfərim sırf işgüzar məqsəd daşıdığı üçün Emillə görüşmək kimi imkanım olmadı. İstanbula gəldiyində görüşmüşdük. Əslində vaxtımız olsaydı, mütləq şəkildə görüşəcəkdik. Amma istəmədən Bakıdan tez ayrılacağım üçün görüşümüz yəqin ki, başqa səfərə təsadüf edəcək. Anası və bacısını da doğmalarımdan ayırmıram. Mən bu ailə ilə mütəmadi olaraq dostluq münasibətlərimi davam etdirirəm.

- Hadisə xanım, Emil anons etmişdi ki, "Follow my way" mahnısını repertuarınızda dinləmək kimi imkanımız olacaq. Layihə nə zaman hazır olacaq?

- Emillə ilk görüşümüz təxminən bir il bundan əvvələ təsadüf edib. Anası və bacısı ilə birlikdə qonağım olmuşdular İstanbulda. Hətta birlikdə səhər yeməyinə qatılmışdıq. Emil Şahin Azərbaycan üçün çox dəyərli bir insandır, bu barədə məlumatlıyam. Onun xətrini çox istəyirəm. Kübar ailədə tərbiyə alır. Oxşar xüsusiyyətlərimiz isə ikimizin də ailəmizə bağlı olmağımızdır. Özü də bilir, sizdən də gizlətmirəm ki, onu çox sevirəm. İnanın, mənə hədiyyə etdiyi "Follow my way" mahnısını eşidəndə heyran oldum. Çox istedadlı bəstəkardır. Və məncə bu mahnı "Eurovison" səhnəsində əsl partlayış yarada bilər. Birgə işbirliyimizə gədikdə isə, bəli, biz daha tez-tez görüşəcəyik. İndi dəqiq tarix açıqlaya bilməsəm də çox qısa zamanda birgə layihəmizi melomanlara təqdim edəcəyik...

Trend olaraq təşəbbüs göstərdik və Emil Şahinlə telefon əlaqəsi qurduq. Sən demə, bəstəkar Hadisə üçün əsl sürprizlər hazırlayıbmış. Söhbətimiz zamanı öyrəndik ki, Emil ulduz dostunun daha bir gün şəhərimizdə qalması üçün maraqlı plan hazırlayıbmış. Amma onun cəmi bir gün Bakıda qalması bütün sürprizləri darmadağın edib. E.Şahin rica etdi ki, biz Hadisəyə söyləməyək ki, o, bir neçə dəqiqədən sonra mağazaya təşrif buyuracaq. Çox keçmədi ki, sözünə əməl edən bəstəkar məkana gəlməyə müvəffəq oldu. Həm Hadisə, həm də onun bacısı Hülya üçün iki böyük gül dəstəsi ilə mağazaya daxil olan Emil, içəri girən kimi bütün diqqətləri üzərinə yönəltdi. Və çox keçmir ki, yaxın dostunun gəlişi barədə xanım Açıkgözə məlumat verilir və o, dostlarının əyləşdiyi masadan qalxıb, bir baş Emilə tərəf gəlir. Olduqca mehriban ab-havada baş tutan gözlənilməz görüşdən məmnunluq hissini gizlətməyən müğənni, heyrətli baxışlarını bu dəfə bizə tuşladı.

"Demək siz yaşatdınız bu şok sürprizi? Vallah, dediklərim öz təsdiqini tapdı. Gördünüz, Emil Şahin əsl centlmendir. Yalnız ondan belə bir addım atmağı gözləmək olar. Mən həqiqətən əziz dostumu çox istəyirəm", - Hadisə belə dedi.

Bundan sonra Bakıya tez-tez gələcəyini vurğulayan pop-ulduz, bəstəkarın rəhbərlik etdiyi və adını daşıdığı prodüser mərkəzinin açılışına qatılacağını da gizlətmədi.

Trend-ə açıqlamasında Emil Şahin də Hadisə ilə dostluq münasibətlərinin daha sıx davam edəcəyini və onların birgə yaradıcılıq işlərinin uğurlu alınacağına ümidvar olduğunu dilə gətirdi.

"Hadisə xanımla gerçəkləşdirəcəyimiz "Follow my way" layihəsi haqqında yetərincə məlumat verdiyim üçün indi sadəcə sürprizin reallaşacağı günü gözləməyinizi xahiş edirəm. Bəli, biz bir ilkə imza atmışıq. Bəziləri üçün fantastik görünürdü ki, Emil Şahinin Hadisə ilə dostluq münasibətləri var və biz birgə layihəni reallaşdırmaq üçün gərgin işlər görürük. Bu görüşümüz münasibətlərimizə şübhə ilə yanaşanlara əsl cavabdır. Mən də Hadisəni çox sevirəm. Bacısı Hülya xanıma dərin hörmətim var. Onlar bizim ailə dostlarımızdır. Hesab edirəm ki, dostluğumuz söz verdiyimiz layihənin mükəmməl şəkildə həyata keçirməyimizdən ötrü çox işimizə yarayacaq. İnşallah, növbəti görüşümüz İstanbulda olacaq. Və bu barədə də ilk olaraq Trend oxucuları xəbər tutacaqlar", - Emil Şahin dedi.

Foto: Şahin Cavadsoy

Xəbər lenti

Xəbər lenti