Azərbaycan, Bakı, 1 fevral /Trend/
"Azərbaycan Bayrağı" ordenli keçmiş döyüşçü, qəhrəman kəşfiyyatçı İbad Hüseynovun uşaqlıq və gənclik illərindən, döyüş həyatından, keçirdiyi uğurlu əməliyyatlardan bəhs edən "Xüsusi təyinatlı" adlı kitab işıq üzü görüb.
Trend-in məlumatına görə, kitabın müəllifi İbad Hüseynovun döyüşçü yoldaşı Sahib Şirinovdur. Millət vəkili Qənirə Paşayevanın "Ön söz" yazdığı kitabın məsləhətçisi polkovnik Məhərrəm Cahangirov, redaktoru yazıçı-publisist Əkbər Qoşalıdır. Kitaba polkovnik Məhəmməd Qədirov, polkovnik-leytenant Məmməd Rəhimov və dosent Ceyhun Alıyev rəy veriblər.
Kitab "Elm və Təhsil" Nəşriyyatında işıq üzü görüb. Kitabda generallar Yaşar Aydəmirov və Rövşən Əkbərovun, "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin sədri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun, millət vəkili Elman Məm¬mədovun, keçmiş döyüşçü Elxan Namazovun, türkiyəli hərbçilər Namiq Alpər və Mustafa Gəncin də xatirələri, ürək sözləri yer alıb.
"Xüsusi təyinatlı"da göstərilən faktlar tam gerçəkliyi əks etdirir. Belə ki, hadisələrin canlı şahidlərinin kitabda yer alan fikirləri Azərbaycan Müdafiə Nazirliyinin Arxiv İdarəsindən əldə olunmuş rəsmi "Arayış"larda da öz əksini tapıb. Tərtibçi-müəllifin müharibə, döyüşçü psixologiyası, Azərbaycanda ordu quruculuğu, Qarabağ həqiqətləri və s. barədə şəxsi fikirlərinin də verildiyi bu məqalələr və sənədlər toplusu, necə adlandırılmasından asılı olmayaraq, zərurət, cəsarət və həqiqətdən irəli gəlib. Mətnləri müşahidə edən, müxtəlif illərdə çəkilmiş fotolar da kitaba özünəməxsus anlam verir. Habelə, bir döyüşçünün başqa bir döyüşçü haqqında könül dolusu məhəbbətlə, həqiqətsevərliklə qələmə aldığı kitab olması "Xüsusi təyinatlı"nın dəyərini artıran əsas amildir.
Geniş oxucu kütləsinə, özəlliklə ölkəmizin gənc nəslinə ünvanlanmış "Xüsusi təyinatlı" 2 fevral - Azərbaycan Gəncləri Günündə "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması"nda (Nərimanov rayonu, Güllü Qədirbəyova küçəsi, 9) ictimaiyyətə təqdim olunacaq. Təqdimatda İcma fəalları, millət vəkilləri, KİV nümayəndələri, İbad Hüseynovun döyüşçü dostları, QHT nümayəndələri iştirak edəcəklər. Təqdimat mərasimi saat 11.00-da başlanacaq.