Azərbaycan, Bakı, 5 dekabr /Trend/
Ölkəmiz, müasir musiqimiz daha bir yeniliyə imza atdı, Ömər və Suada dueti ilə "Eurovision" uşaq mahnı yarışmasına qatıldı. Ölkəmizin müxtəlif duetlərlə uğurlarını hamımız gözəl bilirik və bu məntiqlə Ömər və Suadanın duetinə də çox gözəl baxıram. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Azərbaycanın əməkdar artisti Tünzalə Ağayeva deyib.
"Kiçik yaşlarını, böyük səhnədə ilk dəfə olmalarını, minlərcə auditoriyanın qarşısında çıxışlarını nəzərə alıb demək istərdim ki, onlar bizim kiçik qəhrəmanlarımızdır. Bir sənət adamı kimi onları dəstəkləyirəm. Unutmayaq ki, "Eurovision" mahnı yarışmaları yalnız perfomansla nəticələnmir, onun siyasi tərəfi də öz təsirini mütləq göstərir", - o deyib.
Müğənni Patrisiya Kaasın, Alla Puqaçovanın, Bakıda "Eurovision 2012"-yə gələn Anqunun və s. heç bir səs toplamayan çıxışlarını xatırladıb.
"Əslində, sadaladığım müğənnilər gözəl çıxışlar etmişdilər, sadəcə elə həmin siyasi tərəf, ölkələrin həmin anda bir-birinə münasibəti yarışmanın gedişatını dəyişdi. 2012-ci ildə də ölkəmizin Avropanın popular müsabiqəsinə ev sahibliyi etməsi əlbəttə bütünlüklə hər kəsin ürəyincə deyildi, kimlərisə bu hadisə mütləq qıcıqlandırdı. Düşünürəm ki, Ömər və Suadanın iştirakının nəticəsinə də bu məqam təsir edib, səs verən ölkələr eyni ildə təkrarən bizim çox səs toplamağımıza birmənalı baxmayıblar. Amma müsabiqənin gedişatı zamanı məhz favorit mahnılardan, qruplardan biri bizlər idik. Uşaqlarla çalışan bütün komandaya təşəkkür edirəm, sevimli vokal pedaqoqumuz Mziya Qambaşidzeyə zəhmətlərinə görə ayrıca təşəkkür edirəm. Bir daha istedadlı Öməri və Suadanın çıxışlarını yüksək qiymətləndirirəm. Ümumilikdə uşaqlarımızın muasir səhnə perfomanslarının inkişafı üçün professionallar bir araya gəlməlidirlər", - Ağayeva bildirib.