...

Finlandiyada azərbaycanlı musiqiçinin yubileyi qeyd olunub (FOTO)

Mədəniyyət Materials 30 Sentyabr 2014 12:21 (UTC +04:00)
Finlandiyada azərbaycanlı musiqiçi Kamal Aşurbəyovun yubileyi qeyd olunub.
Finlandiyada azərbaycanlı musiqiçinin yubileyi qeyd olunub (FOTO)

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir İlkin İzzət/

Finlandiyada Azərbaycan diasporunun fəal nümayəndələrindən biri, Finlandiya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvü, Yoensuu Konservatoriyasının müəllimi Kamal Aşurbəyovun 50 illik yubileyi qeyd olunub.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yubiley gecəsi Finlandiya Mədəniyyətin İnkişafı Fondunun dəstəyilə həmyerlimizin yaşayıb, çalışdığı Yoensuu şəhərindəki Garelia-Sali konsert zalında keçirilib. Tədbirdə şəhər rəhbərliyinin təmsilçiləri, musiqi ictimaiyyətinin nümayəndələri və Finlandiyada yaşayan azərbaycanlılar iştirak edib.

Konsert proqramında Kamal Aşurbəyov azərbaycanlı müəlliflərin musiqi əsərlərini səsləndirib. Pianoçunun ifasını böyük bir coşğu ilə dinləyən tamaşaçılar həmyerlimizi ayaqda alqışlayıb. Tədbir boyu həmçinin Kamal Aşurbəyovun yaradıcılığı haqqında məlumat verilib, təbrik nitqləri söylənilib.

Qeyd edək ki, məşhur Aşurbəyovlar nəslindən olan Kamal Aşurbəyov P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasını bitirəndən sonra 1994-cü ildə Finlandiyaya köçüb. Rəşid Behbudov, Müslüm Maqomayev, Tofiq Quliyev, Qara Qarayev, Üzeyir Hacıbəyli kimi sənətkarların yaradıcılığından bəhrələnən musiqiçi təkcə Finlandiyada deyil, Avropa ölkələrinin çoxunda Azərbaycan mədəniyyətini, Azərbaycan musiqisini, o cümlədən muğamları təbliğ edir. K.Aşurbəyov Helsinki şəhərinin meriyasında Azərbaycan mədəniyyətinin tarixinə dair mühazirələr oxuyub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti