...

Müslüm Maqomayevin adını daşıyan musiqi məktəbinin açılışı olub (FOTO)

Mədəniyyət Materials 10 Oktyabr 2014 18:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir Elçin Mehdiyev/

Bu gün Bakıda görkəmli sənətkar, SSRİ xalq artisti, müğənni və bəstəkar Müslüm Maqomayevin adını daşıyan 26 nömrəli 11 illik musiqi məktəbinin binasının əsaslı təmir və yenidənqurmadan sonra açılış mərasimi keçirilib.

Trend-in məlumatına görə, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazir müavini Sevda Məmmədəliyeva, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İskəndərov, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev, Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları, mədəniyyət xadimləri, paytaxtın musiqi təhsili müəssisələrinin rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Açılışdan əvvəl Ə.Qarayev məktəb binası önündə Müslüm Maqomayevin xatirə lövhəsi qarşısına əklil qoyub.

Mərasimdə çıxış edən nazir dahi sənətkarın adının əbədiləşdirildiyi musiqi məktəbinin binasının əsaslı təmir və bərpadan sonra istifadəyə verilməsini mədəni ictimaiyyət üçün əlamətdar hadisə kimi dəyərləndirib.

Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə paytaxtımızda və regionlarda mədəniyyət ocaqlarının yenidən qurulduğunu, yeni mədəniyyət müəssisələrinin inşa edildiyini diqqətə çatdıran Ə.Qarayev bu sahəyə göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildirib: "Hörmətli prezidentimizin Müslüm Maqomayevin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı sərəncamına əsasən bu məktəbə böyük musiqiçinin adı verildi. Məktəbin təmiri ilə bağlı dövlət vəsait ayırdı və demək olar ki, tədris ocağı tamamilə yenidən quruldu".

Nazir ümidvar olduğunu bildirib ki, 26 nömrəli onbirillik musiqi məktəbində yaradılan şərait burada təhsil prosesinə də müsbət təsirini göstərəcək. Açılış münasibətilə hər kəsi təbrik edən nazir inşaatçılara təşəkkürünü bildirib və təhsil ocağına uğurlar, şagirdlərə müsabiqələrdə qalibiyyətlər arzulayıb.

Müslüm Maqomayevin ölməz sənətinin, yaratdığı bənzərsiz musiqilərinin onların sədası ilə yetişəcək nəsillərin sayəsində daim yaşayacağını deyən Ə.Qarayev dahi sənətkarın ruhunun, Vətənə məhəbbətinin, sənətə sonsuz sevgisinin bu məktəbin şagirdlərinə daim aşılanacağına, o mühitin formalaşdırılacağına inamını ifadə edib.

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı X.İskəndərov görkəmli sənətkarın adını daşıyan məktəbin əsaslı təmir-bərpadan sonra açılışını rayon ictimaiyyəti üçün önəmli hadisə kimi dəyərləndirib, bu faktın mədəniyyətimizə dövlət qayğısının daha bir göstəricisi olduğunu deyib.

Müslüm Maqomayevin yaxın dostu, xalq artisti, kinorejissor Eldar Quliyev sənətkarın Azərbaycan sevgisindən və bu sevginin musiqilərdə təcəssümündən danışıb, onun xatirəsinin əbədiləşdirilməsi məqsədilə görülən işlərin əhəmiyyətini vurğulayıb, pedaqoji heyətə və şagird kollektivinə uğurlar arzulayıb.

Təhsil ocağının direktoru Gülşən Quliyeva çıxışında məktəbin tarixinə qısa nəzər salıb, yaradılan şəraitə görə təşəkkürünü bildirib.

Sonra qonaqlar binada yaradılan şəraitlə tanış olublar. Məlumat verilib ki, 1978-ci ildən fəaliyyət göstərən məktəbdə fortepiano, violin, fleyta, klarnet, ksilofon, tar, kamança, saz, kanon, qarmon, nağara, xanəndə ixtisasları üzrə 440 şagird təhsil alır, 104 müəllim çalışır. Məktəbin müəllim və şagirdləri şəhər, respublika və beynəlxalq səviyyəli tədbirlərdə uğurla iştirak edir, yüksək nailiyyətlər qazanırlar.

Sonda məktəbin şagirdlərinin ifasında konsert proqramı təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti