...

Azərbaycanın "Sonuncu" filmi İzmir Beynəlxalq Kinofestivalının qalibi olub

Mədəniyyət Materials 7 Noyabr 2014 13:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 noyabr /Trend/

Türkiyənin İzmir şəhərində keçirilən 15-ci Beynəlxalq Qısa Film Festivalında Azərbaycanın "Sonuncu" filmi ilin ən yaxşı xarici film seçilib. Bu il Festivala 63 ölkədən 1100 qısa film qatılıb. Bu filmlərdən yalnız 10 film final mərhələsinə keçib. 5 gün davam edən festival çərçivəsində finala düşmüş filmlərlə yanaşı yerli və xarici tamaşaçılara 200 qısa film nümayiş olunub. Qeyd etmək lazımdır ki, İzmir Festivalı Türkiyənin ən prestijli qısa film festivalı hesab olunur və hər il bura 8 minə qədər tamaşaçı qatılır.

2014-cü il Türkiyə kinomotoqfarının 100 illiyi kimi qeyd olunur və bu səbəbindən 15-ci İzmir Beynəlxalq Qısa Film Festivalı bu il xüsusi əhəmiyyət kəsb edib. Festivalın jürisi tanınmış yerli və xarici kino peşəkarlarından ibarət idi. Qaliblər xüsusi təntənəli Qala Gecədə elan olunub. SONUNCU filmi Ən Yaxşı Xarici Film kateqoriyasında birinci yeri tutmaqla qalib seçilib və festivalın "Qızıl Pişik" mükafatına layiq görülüb. Mükafat İzmirin bələdiyyə rəhbəri tərəfindən Buta İncəsənət Mərkəzinin İctimaiyyətlə Əlaqələr üzrə direktoru Fuad Hətəmova təqdim olunub.

İzmir kinofestivalı jürisinin prezidenti, Türkiyənin məşhur rejissoru Tunç Başaran SONUNCU filmi haqda bunları deyib: "Film çox yüksək səviyyədə və peşəkarlıqla çəkilib. Bunu hər bir detalda - rejissor və operator işində, həmçinin filmin dərin emosional mənasında və gözəl musiqisində hiss etmək mümkündür. Finalda digər güclü xarici filmlərin olmasına baxmayaraq, Sonuncu bizə çox təsir etdi. Mən hesab edirəm ki, bu ilk növbədə filmin prodüsserlərinin böyük əməyinin nəticəsidir. Filmin bütün kollektivini bu gözəl qələbə ilə təbrik edirəm"

Sonuncu filminin rejissoru Sergey Pikalov, operatoru Denis Madişevdir, prodüsserlər Nəsib Piriyev və Mariya İvanovadır. Filmdə baş rollarda azərbaycanlı aktyorlar - İdris Rüstəmov və Corc Qafarov çəkilib.

Qeyd etmək lazımdır ki, Buta İM üçün 2014 xüsusi olmuşdur. Tarixdə ilk dəfə Rusiya-Azərbaycan komandasınının prodüserləşdirdiyi Sonuncu filmi Kann Kinofestivalının əsas müsabiqə proqramına daxil edilmişdir. Buta Films və Azərbaycanfilm kinostudiyasının birgə istehsalı olan "SONUNCU"nun fəlsəfi məsəli xarici peşəkarların ən yüksək qiymətlərinə layiq görülmüşdür.

Bu dərin və orijinal dramanın çəkilişi Bakıdan 120 km aralıda yerləşən Şabran şəhərində, Sura kəndində aparılmışdı. "SONUNCU" - sadəcə film deyil. "SONUNCU" gənc prodüserlərin - Mariya İvanova və Nəsib Piriyevin uğurlarının tarixçəsidir ("Buta Films" kinokompaniyası). 80-dən çox film və sikl verilişlər çəkmiş və efirə təqdim etmiş sənədli film sahəsində formalaşmış peşəkarlar ilk dəfə öz güclərini bədii filmdə sınadılar və dərhal da Kann Kinofestivalının iştirakçısı oldular.

2014 ilin may ayından etibarən "SONUNCU" filminin planetin böyük festivallarına səyahəti davam edir. San-Paoloda (Braziliya) keçirilən qısametrajlı filmlərin beynəlxalq kinofestivalında "SONUNCU" 2014-cü ilin ən yaxşı debüt filmi olaraq SESc TV tərəfindən təltif olundu. 20-Palm Springs International Short Film Festival, 36-Moscow International Film Festival, Kinotavr, Big Sur International Short film Screening Series, Film Festival della Lessinnia, 25 San Paolo International Short Film Festival, Aye-Aye Film Festival Nancy Lorraine, Voices 2014, Koroche, Sarajevo Film Festival, Batumi International Art-House Film Festival, Athens International Film Festival, Bridge Film Fest Kosovo, SHNIT Film Festival, International Short Film Festival Cyprus, Asiana Int Short Film Festival, International Short Film Festival COURTS DEVANT, Singapore International Film Festival - bu SONUNCU-nun iştirak etdiyi festivalların siyahısıdır.
"Buta films" kino şirkəti "Buta" İncəsənət Mərkəzinin (İM) fəaliyyət istiqamətlərindən biridir. Bu, Azərbaycan mədəniyyətini bütün dünyada tanıtmağı özləri üçün prioritet məsələ sayan peşəkarlardan ibarət yaradıcı məsləkdaşlar komandasıdır. Bu, Buta İM`nin qarşısına qoyduğu vəzifələrdən ən önəmlisidir. Artıq həyata keçirilmiş və hələ işıq üzü görməyə hazırlaşan çoxlu sayda layihələr - festivallar, sərgilər, konsertlər, filmlər məhz bu vəzifəyə həsr olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti