...

Britaniyalı rəssam Bakıda "Sovetskiyə" həsr etdiyi işləri sərgiləyəcək

Mədəniyyət Materials 8 İyul 2015 16:44 (UTC +04:00)
YARAT Müasir İncəsənət Məkanı qarışıq texnika üsulunda yaradan britaniyalı rəssam TERRIBLEm86-nın (Den Merrabl) Azərbaycanda art-rezidensiyada olduğundan qürur duyur.
Britaniyalı rəssam Bakıda "Sovetskiyə" həsr etdiyi işləri sərgiləyəcək

Azərbaycan, Bakı, 8 iyul /Trend/

YARAT Müasir İncəsənət Məkanı qarışıq texnika üsulunda yaradan britaniyalı rəssam TERRIBLEm86-nın (Den Merrabl) Azərbaycanda art-rezidensiyada olduğundan qürur duyur. Rəssam istifadəyə yararsız olan ağac materiallara yeni həyat verməyə çalışır. Onun art-rezidensiyası 2015-ci ilin aprel ayından başlayıb və bu müddət tezliklə "Sovetski" küçəsindən olan taxta blokların istifadəsi ilə quraşdırılmış çox emosional incəsənət əsərləri silsiləsindən ibarət fərdi sərgi ilə başa çatacaq.

Rəssam deyib: "Mən fevral ayında Şotlandiyadan Bakıya gəldiyim gündən bəri bu şəhərin inkişafının və həyata keçirilən tikinti işlərinin sürətinə heyran qalmışam. Bu inkişafın əvvəllər "Sovetski" küçəsi adlanan əraziyə təsiri mənim üçün xüsusi əhəmiyyət kəsb edir. Ərazidə gedən şəhərqurma işləri bu anın özündə də davam etməkdədir və mənim fikrimcə, bu küçə şəhərin daima dəyişən ən qədim ərazilərindən biri olduğu üçün diqqətə layiqdir.

Yaratdığım əsərlər "Sovetski"nin hazırkı vəziyyətinin birbaşa vizual surətidir. Əsərlərdə istifadə olunan əsas maddələr yenidənqurma işləri aparılan yaşayış binalarının ətrafından toplanmış lazımsız taxta, divar kağızı, kafel və digər materiallardır. Layihənin əsasında "gözəllik hər şeyə rəğmən hər yerdə qalmaqdadır" ideyası durur. "Sovetski"dən götürülmüş hər bir element nə vaxtsa kiminsə şəxsi həyatının bir parçası olduğu üçün, onlara çox böyük hörmət göstərilir. İndi onların üzərinə geridə qalmış bütün materialları təmsil etmək məsuliyyəti düşür. Materiallar tikinti, memarlıq, inkişaf və tarixi əks etdirmək üçün akril boyalarla rənglənir.

Layihə mənim son üç ay ərzində müşahidə etdiklərimin vizual əksidir. O, tikinti və dekorasiya üçün istifadə olunan materiallara hörmətimi ifadə edir. Məqsədim yerli əhali arasında Bakının inkişafı və yenidənqurma işləri barədə açıq söhbətlərə təkan verməkdir".

Rəssam haqqında

TERRIBLEm86 (Deniel Merrabl, 1986)

TERRIBLEm86 və ya qısaca TM86 təxəllüsü ilə tanınan Deniel Merrabl Qlazqo şəhərində yaşayan rəssamdır, qarışıq texnika və instalyasiya sənəti üzrə ixtisaslaşır. 2008-ci ildə Torontonun York Universitetini qrafika dizaynı ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 2008-ci ildən sonra Toronto, Vankuver, Cefriz Bey (Cənubi Afrika Respublikası), London, Qlazqo və Bakı kimi şəhərlərdə yaradıcılıqla məşğul olub.

TERRIBLEm86 tullanmış, gərəksiz olmuş müxtəlif obyektlərə yeni məna verməyi qarşısında duran məqsəd kimi görür. Belə obyektlər ömürboyu insanlara xidmət edib kölgədə qalırlar, onlara sənət əsəri gözü ilə baxan da heç olmur. Lakin belə obyektlərin köhnəlmiş hissələri və qüsurları elə təsirli assosiasiyalar oyadırlar ki, qüsurlar dönüb həmin obyektin müsbət özəlliyi olurlar. Tullanmış əşyalarda onların keçmiş həyatından xəbər verən cəhətləri seçib "qlamurlaşdırmaq" ideyası sənətkarı, sanki, rəngkarlıq kətanı qarşısına gətirir. Bədii proses artıq zibil sayılıb tullanmış obyektə təkcə yeni həyat vermir, onun unudulmuş tarixini və daşıdığı xatirələri qoruyub saxlayır.

Ötən il ərzində TERRIBLEm86 öz əsərlərini Edinburqun nüfuzlu Krallıq Şotlandiya Akademiyasında, Qlazqonun İncəsənət Məktəbində, Edinburqda Şotlandiya Rəssamlar Akademiyasının illik sərgisində, bir də Qlazqonun tarixi Dəniz Fənərində nümayiş etdirib. Edinburqda yerləşən Şotlandiya Rəssamlar Akademiyasının, eləcə də Qlazqoda yerləşən Təsviri Sənət Ustaları Qrupunun (Visual Artists Group - VAU) üzvüdür.

YARAT haqqında

YARAT Azərbaycanın paytaxtı Bakıda yerləşən qeyri-kommersiya təşkilatıdır, Aida Mahmudova ilə bir qrup rəssam tərəfindən 2011-ci ildə təsis edilmişdir. YARAT Azərbaycanda müasir incəsənətin dəstəklənməsi və geniş ictimaiyyət tərəfindən dərk olunması məqsədi ilə fəaliyyət göstərir, Azərbaycan incəsənətinin ölkə daxilində və beynəlxalq aləmdə təbliğ olunması ilə məşğuldur.

YARAT (azərbaycanca "yaratmaq" sözünün mənasında) tərəfindən indiyə qədər, əksəriyyəti Bakıda təşkil olunaraq, 140-dan artıq layihə həyata keçirilib. YARAT-ın fəaliyyətində əsas mahiyyət kəsb edən tədris-təlim işi art-rezident səfərlərindən, praktiki məşğələlərdən, mühazirələrdən və film nümayişlərindən ibarətdir. 2014-cü ildə yay məktəbi təşkil olunmuşdur, eləcə də yeni bir binası istifadəyə verilmişdi. Həmin binada rəssam emalatxanaları və "art-rezident" proqramı üçün mənzillər yerləşir. Təşkilatın ARTIM proqramı (azərbaycanca "artmaq" sözünün mənasında) incəsənətə meyl göstərən gəncləri dəstəkləyir, onların işlərini kuratorların diqqətinə çəkib sərgiləndirməyə imkan yaradır.

2015-ci ilin mart ayında YARAT Müasir İncəsənət Mərkəzi də açılıb. Bu mərkəz YARAT-ın ilk daimi sərgiləmə yeri olacaq. Üzü Xəzər dənizinə tərəf açılan və sovet dönəmində hərbi donanma qərargahı olmuş bu yeni mərkəz (sahəsi 2000 m2) müasir incəsənətə və incəsənətin tədrisinə xidmət edən regional miqyaslı bir qovşaq kimi istifadə olunacaq. Burada müəyyən müddət üçün gətirilən müvəqqəti sərgilərlə yanaşı, YARAT-a məxsus daimi kolleksiyanın əsərlərini təqdim edən sərgilər də nümayiş etdiriləcək. Daimi kolleksiya Qafqaz, Orta Asiya və qonşu ölkələri təmsil edən görkəmli sənətkarların, eləcə də Azərbaycanla səsləşən əsərlər yaratmış dünya şöhrətli rəssamların işlərindən ibarətdir.

2012-ci ildə YARAT tərəfindən YAY Qalereyası təsis edilmişdir. Bu ictimai əsaslı müəssisədə əsərlərin satışından əldə edilən qazanc müəlliflə YARAT arasında bölüşdürülür. Bunlardan əlavə, YARAT Bakıda, açıq havada düzənlənən üç Pablik Art Festivalı keçirib, şəhərin muzeyləri ilə birlikdə sərgilər hazırlayıb. Beynəlxalq layihələrdən isə, 55-ci Venesiya Biennalesinin müstəqil tədbirlər proqramına qatıldığını qeyd etmək lazımdır. 2015-ci ildə YARAT 56-cı Venesiya Biennalesinin paralel tədbirlər proqramında iştirak edir.

Sərgi: #TM86sovetskaya [1500]

Məkan: YARAT RƏSSAM EMALATXANALARI, Nəsimi rayonu, Akademik Həsən Əliyev küç., 1061

Tarix: 9 iyul, 2015

Giriş sərbəstdir

www.yarat.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti