Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir Təmkin Cəfərov/
Gələn ilin yaz aylarında Təbrizdə Gəncə mədəniyyəti günləri keçiriləcək. Trend-in məlumatına görə, bu barədə razılıq Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və İranın Şərqi Azərbaycan vilayətinin valisi İsmayıl Cabbarzadənin bugünkü görüşündə əldə olunub.
Görüşdə ikitərəfli əlaqələrin inkişafı, Gəncədə təbrizli iş adamlarının istehsal etdiyi məhsulların sərgi-satış mərkəzinin tikilməsi, dahi Azərbaycan şairi Nizami Gəncəvinin büstünün Azərbaycanda hazırlanaraq Təbrizdə quraşdırılması və başqa məsələlər müzakirə olunub.
Qeyd edək ki, bu gün Gəncədə Təbriz küçəsinin açılışı olub.
Xatırladaq ki, cari ilin fevral ayında E.Vəliyev Təbrizə səfər etmişdi. Səfər çərçivəsində İranın Şərqi Azərbaycan əyalətinin mərkəzi Təbriz şəhəri ilə Azərbaycan Respublikasının Gəncə şəhəri qardaş şəhərlər elan olunmuşdu.