...

Mədəniyyət və Turizm Nazirliyi Nyu-York-da keçirilən “The New York Times Travel Show” sərgisində iştirak edib (FOTO)

Mədəniyyət Materials 11 Yanvar 2016 14:45 (UTC +04:00)
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ölkəmizin turizm potensialını xarici dövlətlərdə təbliğ etmək, eləcə də yerli və xarici ölkələrin turizm sənayesi nümayəndələri arasında işgüzar münasibətlərin yaradılması və davamlılığının təmin edilməsi məqsədilə 2016-cı ildə bir sıra beynəlxalq turizm sərgilərində iştirak edəcəkdir.
Mədəniyyət və Turizm Nazirliyi Nyu-York-da keçirilən “The New York Times Travel Show” sərgisində iştirak edib (FOTO)

Bakı. Trend:

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ölkəmizin turizm potensialını xarici dövlətlərdə təbliğ etmək, eləcə də yerli və xarici ölkələrin turizm sənayesi nümayəndələri arasında işgüzar münasibətlərin yaradılması və davamlılığının təmin edilməsi məqsədilə 2016-cı ildə bir sıra beynəlxalq turizm sərgilərində iştirak edəcəkdir.

Bu baxımdan ilin ilk turizm sərgisi 7-10 yanvar 2016-cı il tarixlərində ABŞ-ın Nyu-York şəhərində keçirilən "The New York Times Travel Show" sərgisi olub. Trend-in məlumatına görə, sərgi çərçivəsində ölkəmiz ilk dəfə olaraq Gürcüstanla birgə stendlə iştirak edərək, iki ölkədən ibarət "Qafqaz məhsulu" təqdim edib. Sərgidə 45 kv.m sahədə hər iki ölkənin turizm imkanlarını əks etdirən stend qurulmuş, sərgidə iştirak "Azərbaycan Hava Yolları" QSC-nin təşkilatı dəstəyi ilə baş tutub.

Sərgidə mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib. Heyətə Nazirliyin Marketinq sektorunun müdiri Emil Səfərov, Regionlarda turizmin inkişafı sektorunun baş məsləhətçisi Leyla Verdiyeva, "Azərbaycan Hava Yolları" QSC-nin ABŞ üzrə təmsilçisi Rinat Əzizov, Azərbaycan Konqreslər Bürosunun satış üzrə meneceri Ayan Zeynalova, "Turizm.Az" şirkətinin direktoru Murad Kərəmov, "Spektr travel" şirkətinin direktoru Göydəniz Qəhrəmanov daxil olub.

Sərgi çərçivəsində 08 yanvar tarixində Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovla Gürcüstanın Turizm üzrə Milli Administrasiyasının rəhbəri Georgi Çoqovadze arasında görüş keçirilib, hər iki tərəf uzaq məsafəli ölkələrdə birgə stendlə iştirakın əhəmiyyətini vurğulayaraq, regiona daha çox turist cəlb edilməsində bu təcrübənin önəmini qeyd edib. Görüş çərçivəsində cari il ərzində Yaponiya, Cənubi Koreya və Çin kimi digər uzaq məsafəli ölkələrdə də analoji təcrübənin tətbiq edilməsi, MİCE turizmi üzrə təcrübə mübadiləsi aparılması müzakirə edilib. Bundan əlavə cari il müddətində ABŞ-ın bir sıra şəhərlərində silsilə təqdimat tədbirlərinin həyata keçirilməsi üzərində iş aparılması ətrafında fikir mübadiləsi aparılıb.

Yanvarın 9-da mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovla Birləşmiş Ştatlar Tur Operatorları Assosiyasiyasının (USTOA) prezidenti Terri Deyl və təşkilatın Üzvlük və Proqramlar üzrə direktoru Luis Maravi arasında görüş keçirilib. Görüşdə ölkəmizin bir sıra turizm təşkilatlarının USTOA-ya yaxın gələcəkdə üzv olması, təşkilatın dəstəyi ilə Azərbaycanın Amerika Birləşmiş Ştatlarının bir sıra əsas şəhərlərində təqdimatının həyata keçirilməsi, ölkəmizin turizm sənayesi nümayəndələri ilə Nyu York, Los Anceles və başqa şəhərdə fəaliyyət göstərən turizm sənayesi nümayəndələri arasında əməkdaşlıq imkanlarının inkişaf etdirilməsi, təşkilatın üzv operatorlarının nümayəndələri üçün ölkəmizə tanışlıq səfərinin həyata keçirilməsi kimi məsələlər müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti