...

Azərbaycanda ilk dəfə beynəlxalq rəqs müsabiqəsi keçirilir (FOTO)

Mədəniyyət Materials 17 May 2016 09:59 (UTC +04:00)
Mayın 16-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Qəmər Almaszadə adına Klassik və Milli Rəqs üzrə I Beynəlxalq Müsabiqənin açılışı keçirilib.
Azərbaycanda ilk dəfə beynəlxalq rəqs müsabiqəsi keçirilir (FOTO)

Bakı. Trend:

Mayın 16-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Qəmər Almaszadə adına Klassik və Milli Rəqs üzrə I Beynəlxalq Müsabiqənin açılışı keçirilib. Teatrın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Yaxın Şərq və MDB məkanı üzrə belə bir beynəlxalq sənət yarışması ilk dəfə ölkəmizdə gerçəkləşir.

Açılış mərasimi Azərbaycanın Dövlət himninin səslənməsi ilə başlandı. Sonra Azərbaycanın ilk peşəkar balerinası Qəmər Almaszadənin səhnə və pedaqoji fəaliyyətinə həsr olunmuş slayd-şou nümayiş etdirildi.

Mərasimdə görkəmli balerinaya həsr olunmuş "Prima və Mayestro" xoreoqrafik kompozisiyası nümayiş etdirildi. İ.S.Bax, V.A.Mosart, Ə.Bədəlbəyli, Niyazi, F.Əmirov, A.Məlikov və F.Bədəlbəylinin əsərlərindən ibarət kompozisiyada əsas partiyaları Xalq artisti Kamilla Hüseynova və Prezident mükafatçısı Akif Kərimli ifa etdi. Səhnədə Bakı Xoreoqrafiya Akademiyasının orta və orta ixtisas təhsil pilləsi üzrə şagird və tələbələri də yer almışdı. Klassik balet və milli rəqs musiqisinin bir-birini tamamladığı kompozisiya tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev müsabiqəni açıq elan edərək Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Qəmər Almaszadənin 100 illiyinin dövlət səviyyəsində qeyd olunması barədə sərəncam imzalandığını diqqətə çatdırdı. Bildirdi ki, Bakı Xoreoqrafiya Akademiyası görkəmli balerinanın adını daşıyacaq beynəlxalq rəqs müsabiqəsinin keçirilməsi təşəbbüsünü irəli sürüb.

Qeyd olundu ki, Azərbaycanda rəqs məktəbləri və dərnəkləri ötən əsrin 20-ci illərində fəaliyyət göstərməyə başlayıb və sonrakı dövrlərdə bu sənət mühüm inkişaf yolu keçib. Ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə incəsənətin bu sahəsinə xüsusi diqqət və qayğı göstərilib. 1986-cı ildə Heydər Əliyevin təşəbbüsü ilə Bakı Xoreoqrafiya Məktəbi yeni bina ilə təmin edilib.

Müstəqillik dövründə də milli xoreoqrafiya sənətinin inkişaf etdirilməsi diqqət mərkəzindədir: "2014-cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə Bakı Xoreoqrafiya Akademiyası yaradıldı. Mən düşünürəm ki, bu gün keçirilən müsabiqə bizim xoreoqrafiya sənətinin daha yüksək səviyyədə inkişafına və beynəlxalq təcrübə mübadiləsinə təkan verəcək".

Qeyd edək ki, sənət yarışında 6 ölkədən - Azərbaycan, ABŞ, Rusiya Federasiyası, Qazaxıstan, Litva və Ukraynadan 200 rəqqas iştirak edir. Müsabiqə klassik və milli rəqs istiqamətləri üzrə qızlar və oğlanlar arasında iki yaş qrupunda (12-17 və 18-26 yaş arası) və iki turda keçirilir. İştirakçıların çıxışlarını Azərbaycanın xalq artistləri Rəfiqə Axundova və Afaq Məlikova, Əməkdar incəsənət xadimi Dilarə Əliyeva, Rusiyanın Xalq artisti Dikalu Muzakayev, Litvanın Əməkdar artisti Petras Skirmantasdan ibarət münsiflər heyəti qiymətləndirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti