...

Lətif Kərimovun 110 illik yubileyi qeyd olunub (FOTO)

Mədəniyyət Materials 18 Noyabr 2016 11:05 (UTC +04:00)
Lətif Kərimovun anadan olmasının 110 illiyinə həsr edilmiş - “Lətif Kərimov. Xalça sənətinə həsr olunmuş həyat” adlı sərginin açılış mərasimi keçirilib.
Lətif Kərimovun 110 illik yubileyi qeyd olunub (FOTO)

Bakı. Trend:

Azərbaycan Xalça Muzeyində Xalq Rəssamı, “Azərbaycan xalçası” adlı fundamental elmi əsərin müəllifi Lətif Kərimovun anadan olmasının 110 illiyinə həsr edilmiş - “Lətif Kərimov. Xalça sənətinə həsr olunmuş həyat” adlı sərginin açılış mərasimi keçirilib.

Bu barədə Trend-ə Azərbaycan Xalça Muzeyinin mətbuat katiblyindən məlumat verilib. Sərgi Azərbaycan Xalça Muzeyi ilə Ümumrusiya Dekorativ-tətbiqi və Xalq Sənəti Muzeyinin birgə əməkdaşlığı çərçivəsində keçirilib. “Azərbaycan Xalça Muzeyinin kolleksiyasından Lətif Kərimovun əsərləri” adlı kitab qonaqlara təqdim olunub. Kitabda muzeydə qorunan, Lətif Kərimovun müəllif olduğu eskizlər və xalçalar, Kərimovlar ailəsinin şəxsi arxivində saxlanılan, bu günə qədər heç bir yerdə nümayiş olunmayan foto şəkillər, sənədlər və məktublar dərc olunub. Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva ilk olaraq 17 noyabr – Milli Dirçəliş Günü münasibətilə qonaqları təbrik edib.

Sonra nazirliyin təşəbbüsü ilə dünya şöhrətli xalçaçı-rəssam, alim “Azərbaycan xalçası” adlı fundamental elmi əsərin müəllifi Lətif Kərimovun anadan olmasının 110 illiyinə həsr edilmiş silsilə tədbirlərdən söz açıb. 17 noyabr – Azərbaycan xalçaçılıq elminin banisi, xalq rəssamı Lətif Kərimovun doğum günüdür. Yubiley çərçivəsində Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Xalça Muzeyi ilə Ümumrusiya Dekorativ-tətbiqi və Xalq Sənəti Muzeyinin birgə əməkdaşlığı ilə “Lətif Kərimov. Xalça sənətinə həsr olunmuş həyat” adlı sərgi təşkil olunub. Qeyd edim ki, bu sərgidə Ümumrusiya Dekorativ-tətbiqi və Xalq Sənəti Muzeyinin 7 ədəd xalça və 4 ədəd xalça məmulatıda təqdim olunur.

Bildiyiniz kimi, xalça Azərbaycanın ən qiymətli mədəni irs nümunələrindən biridir, bizim maddi və mənəvi sərvətimizdir. Xalçaçılıq dünyanın bir sıra ölkələrində yayılsa da, Azərbaycan bu qədim sənət növünün beşiklərindən biri kimi tanınır. Ölkəmizdə xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dövlətimiz tərəfindən xüsusi diqqət göstərilir. Bu sahədə müvafiq qanun qəbul edilib. Azərbaycan xalça sənətinə dair tədqiqat işləri aparılır, beynəlxalq simpoziumlar keçirilir, xarici ölkələrdə Azərbaycan xalçaları sərgilənir.
Bu tədbirlərin keçirilməsində başlıca məqsəd L.Kərimovun müqəddəs işinin davam etdirilməsi, Azərbaycan xalçaçılıq sənətini dünyaya tanıtmaq və ölkəmizin daxilində bu sənətin inkişafına təkan verməkdir.

Sonra Azərbaycan Xalça Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova bildirib ki, tədbirlə əlaqədar sərgidə L.Kərimovun müəllifi olduğu 100-ə qədər xalça eskizləri, onların əsasında toxunan 15 xalça və xalça məmulatları, şəxsi arxivində qorunan fotoşəkillər və sənədlər nümayiş olunur. O bildirib ki, muzeyin kolleksiyasında L.Kərimovun müəllifi olduğu 35 xalça və 100-dən çox xalça eskizi saxlanılır. Konseptual olaraq sərgi bənzərsiz ornamentalist-rəssam və novator, ənənəvi xalça sənətinə yeni ornamental və kompozisiya həllini gətirən, xalçanın texniki imkanlarını genişləndirən Lətif Kərimovun yaradıcılığını təqdim edir. Birinci zalda onun müəllifi olduğu eskizlər və müxtəlif illərdə həmin eskizlər əsasında toxunan xalçalar nümayiş olunur. Ən qiymətli eksponatlardan biri isə 1930-cu ilə aid ustada ilk şöhrətini qazandırmış “Firdovsi” portret xalçasıdır. Bu xalça Ümumrusiya Dekorativ-tətbiqi və Xalq Sənəti Muzeyində qorunub saxlanılır. Burada həm də kompozisiyaları öz dövrünü, eyni dərəcədə təsviri incəsənətdə istifadə olunan vizual-estetik və ideoloji kanonlarını əks etdirən xalçalar da təqdim olunur. Bu əsərlərdə rəssam yeni ideya-siyasi emblematika ilə əbədi ənənələrin sarsılmaz kanonlarını məharətlə birləşdirən, harmonik formada keçmişi və bu günü bir-birinə qovuşduran novatordur.

Rusiya Mədəniyyət Nazirliyinin dəstəyi ilə tədbirdə iştirak edən Ümumrusiya Dekorativ-tətbiqi və Xalq Sənəti Muzeyinin direktoru Yelena Titova bu sərgiyə töhfə olaraq L.Kərimovun 1934-cü ildə toxuduğu “Firdovsi” xalçasını, eyni zamanda, onun toxuduğu başqa 6 ədəd xalça və 4 ədəd xalça məmulatı gətirdiyini söyləyib. Qonaq bildirib ki, görkəmli xalça ustasının toxuduğu xalçalar öz qədimiliyi və koloriti ilə nəinki keçmiş sovet məkanında, hətta dünyada şedevr sənət nümunələri kimi tanınır. Tədbirdə UNESCO yanında xalçaçı-rəssamlar birliyinin üzvü Eldar Mikayılzadə bildirib ki, ustad sənətkarın ilk dəfə toxuduğu “Firdovsi” portret xalçası Parisdə keçirilən beynəlxalq sərgidə təqdim olunmaqla L.Kərimova böyük şöhrət gətirib. Xalçaçı-rəssamın ailəsi adından Lətif Kərimov adına Azərbaycan Xalçaçılıq Fondunun direktoru Eldar Hüseynov tədbirin təşkilatçılarına, qonaqlara və tədbir iştirakçılarına minnətdalığını bildirib. Sonda sərgiyə baxış keçirilib.
“Lətif Kərimov. Xalça sənətinə həsr olunmuş həyat” adlı sərgi 2017-ci il yanvarın 18-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti