...

Havana televiziyasında Novruz bayramına həsr edilmiş veriliş yayımlanıb (VİDEO)

Mədəniyyət Materials 22 Mart 2017 13:29 (UTC +04:00)
Kubanın Havana televiziya kanalında Azərbaycanın tarixi, mədəniyyəti, mətbəxi və Novruz bayramına həsr edilmiş veriliş nümayiş etdirilib.
Havana televiziyasında Novruz bayramına həsr edilmiş veriliş yayımlanıb (VİDEO)

Bakı. Trend:

Kubanın Havana televiziya kanalında Azərbaycanın tarixi, mədəniyyəti, mətbəxi və Novruz bayramına həsr edilmiş veriliş nümayiş etdirilib.

Azərbaycanın Kubadakı səfirliyindən Trend-ə verilən məlumata görə, veriliş zamanı Azərbaycanın zəngin təbiəti və turizm imkanları, xalqımızın adət və ənənələrindən geniş bəhs edilib. Bildirilib ki, dünyanın ən qədim xalqlarından biri olan Azərbaycan xalqı öz mədəni sərvəti və abidələri, ədəbiyyatı, incəsənəti və musiqi irsi ilə qürur duyulası bir tarixə malikdir. Qeyd edilib ki, azərbaycanlıların fərqli həyat tərzi, estetik zövqü və milli özünəməxsusluğu xalq musiqisi və folklorunda aydın şəkildə əks olunur. Veriliş zamanı Azərbaycanda qədim dövrlərdən indiyədək mövcud olan xalçaçılıq, zərgərlik, miskarlıq və sair sənətkarlıq nümunələri və tarixi memarlıq abidələrindən bəhs edilib.

Azərbaycanın xalq musiqisindən danışarkən, min illərlə yaşı olan Azərbaycan folklorunda mühüm yer tutan muğam musiqisi haqda söz açılıb.

Veriliş ərzində Azərbaycanda böyük sevgi ilə qeyd edilən Novruz bayramı və xalqımızın milli ənənələrindən ətraflı bəhs olunub. Bildiirilib ki, Azərbaycanda özünə məxsus fəlsəfəsi olan Novruz bayramı xalqımızın qeyri-maddi mədəni irsi kimi sülhsevərlik mədəniyyətini təbliğ edərək, bərabərlik və qardaşlıq rəmzinə çevrilib.

Verilişdə qədim tarixə və mədəni irsə malik olan Azərbaycanda 1918-ci ildə şərq aləmində ilk dəfə olaraq dünyəvi və demokartik dövlətin qurulduğu haqqında məlumat verilib. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın SSRİ tərkibində, daha sonra isə müstəqil dövlət kimi uğurlu inkişafı haqqında məlumat verilib.

Azərbaycanın Kubadakı müvəqqəti işlər vəkili Cavanşir Salehov Havana kanalına müsahibəsində Novruz bayramının qeyd edilməsi ilə bağlı xalqımızın özünəməxsus adətlərindən bəhs edib. Azərbaycan diplomatı müsahibə zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərin tarixi və əldə edilmiş uğurlardan danışıb. İki ölkə arasında mədəni və siyasi əlaqələrin, habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf etdiyi qeyd olunub.

Veriliş zamanı Azərbaycanın milli mətbəxinə məxsus təamların hazırlanmasına xüsusi yer ayrılıb. Azərbaycanın Kubadakı müvəqqəti işlər vəkilinin xanımı Afət Salehova veriliş ərzində ölkəmizdə Novruz bayramının xüsusi şirniyyatları və onların simvolik mənaları haqqında danışıb, şəkərbura, paxlava və Azərbaycanın milli yeməklərindən biri olan dolmanın hazırlanması qaydalarını nümayiş etdirib.

Qeyd edək ki, "Odlar Yurdu Azərbaycan" layihəsi çərçivəsində fevralın 21-dən başlayaraq hər çərşənbə axşamlarında Kubanın televiziya və radio kanalları vasitəsi ilə Azərbaycanda Novruz bayramının adətləri haqqında davamlı reportajlar yayımlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti