Bakı. Trend:
Ukraynadakı gənclər tərəfindən Azərbaycanın "Eurovision" 2017 beynəlxalq mahnı müsabiqəsindəki təmsilçisinə böyük dəstək verilib.
Azərbaycanın Ukraynadakı səfirliyindən Trend-ə verilən məlumata görə, Kiyevdə “Eurovision” 2017 beynəlxalq mahnı müsabiqəsinin keçirilməsi beynəlxalq ictimaiyyətin diqqətini Ukraynaya yönəldib. Artıq dünyanın müxtəlif dövlətlərinin təmsilçiləri mötəbər yarışda iştirak etmək üçün Ukraynaya gəliblər.
Ukrayna Azərbaycanlı Gənclər Birliyi Azərbaycanın Ukraynadakı səfirliyinin dəstəyi ilə beynəlxalq müsabiqədə Azərbaycanı təmsil edən Diana Hacıyevaya dəstək vermək üçün rəngarəng tədbirlər həyata keçirirlər. Azərbaycan təmsilçisini Ukraynaya təşrif buyurduğu ilk gündən böyük coşqu ilə qarşılayan Ukrayna Azərbaycanlı Gənclər Birliyinin fəalları Azərbaycan və Ukrayna bayraqları ilə bəzədilmiş avtomobillərlə Kiyev şəhərinin mərkəzi küçə və meydanlarından keçməklə, paytaxt sakinlərinin diqqətini ölkəmizə yönəldirlər.
D.Hacıyevaya dəstək verən azərbaycanlı və ukraynalı gənclər ilk öncə Kiyev şəhərindəki Heydər Əliyev parkına gələrək, Ulu Öndərin abidəsinin önünə tər çiçəklər qoymaqla, onun xatirəsinə dərin hörmət və ehtiramlarını bildiriblər. Sonra Azərbaycanın Ukraynadakı səfirliyinin həyətində D.Hacıyeva ilə görüş keçirilib. Görüş zamanı 2012-ci ildə Bakı şəhərində keçirilmiş möhtəşəm mahnı müsabiqəsi ilə bağlı xoş xatirələrini bölüşən Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri İlhamə Allahverdiyeva, ukraynalı rəssam Tatyana Korol və digər gənclər milli təmsilçimizə mötəbər müsiqi yarışmasında qələbə uğurları arzulayıblar.
Göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevə və Ukrayna Azərbaycanlı Gənclər Birliyini fəallarına minnətdarlığını bildirən D.Hacıyeva beynəlxalq yarışmada qələbə əldə etmək üçün bütün gücünü səfərbər edəcəyini vurğulayıb.