...

Bakıda məşhur rəssam Karlos Motanın beynəlxalq rəsm sərgisi keçirilir (FOTO)

Mədəniyyət Materials 19 Noyabr 2018 11:12 (UTC +04:00)
Bakıda məşhur rəssam Karlos Motanın beynəlxalq rəsm sərgisi keçirilir.
Bakıda məşhur rəssam Karlos Motanın beynəlxalq rəsm sərgisi keçirilir (FOTO)

Bakı. Trend:

17-23 noyabr 2018-ci il tarixlərində Mədəniyyət Nazirliyinin Muzey Mərkəzi Sərgi Qalereyasında Portuqaliyanın Azərbaycandakı nümayəndəliyi və Fəxri Konsulluğu tərəfindən portuqaliyalı məşhur rəssam Karlos Motanın "Found and findings" adlı beynəlxalq rəsm sərgisi keçirilir. (Ünvan: Neftçilər prospekti 49, Bakı)

Sərginin açılışı 16 noyabr tarixində baş tutub. Açılış mərasimində Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Fikrət Babayev, Portuqaliyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Jorje Qabriel Silva da Fonseka və rəssam Karlos Mota çıxış edərək, sərgi və rəssam haqqında məlumat verib və Azərbaycanla Portuqaliya arasındakı mədəniyyət əlaqələrinin möhkəmlənməsində sərginin əhəmiyyətini vurğulayıblar. Çıxışlardan sonra sərgi rəsmi şəkildə açıq elan edilib.

Bir həftə ərzində davam edəcək sərgiyə giriş pulsuzdur.

“Karlos Mota yaradıcılığı ilə tanış olduqca biz, maddi və mənəvi hesab etdiyimiz dünya arasında əslində heç bir real fərq olmadığını görə bilərik. Karlos Motanın əsərləri azad ruhlu olduğu üçün çoxsaylı interpretasiyaları cəmləşdirir. Bu əsərlər ərsəyə gələnə kimi müxtəlif duyğulardan ilhamlanır və izləyicilərdə xəyal etmək azadlığını tərənnüm edir. Ərsəyə gələn bu əsərlər müasirliyin nə olduğunu açıq-aydın gözlər önünə sərərək, özündə hərəkət, enerji və həyatı daşıyır.

Onun yaradıcılığı rəsmdən əlavə, fırça və boya ilə ötürülən fövqəltəbiiliyin ifadəsidir. İstifadə olunan materialdan, əsərlərinin əsas vurğulayıcı məqamından, çoxtərəfli və dolğun ssenarisindən asılı olmayaraq, o, tamaşaçıları ruhunun ən dərin məhrəmiyyətinə çəkib aparır. Bu konsepsiyası olmayan, amma əvəzində beyni sonsuz interpretasiyalar üçün açan bir yaradıcılıqdır”, - deyə Alvaro Lobato, Müasir İncəsənət Hərəkatının direktoru bildirib.

Karlos Mota Portuqaliyada, Ponta Delgadada anadan olub və Belçikada Brüssel İncəsənət Məktəbinin Dekorativ İncəsənət və Rəngkarlıq Mərkəzində Daxili Memarlıq üzrə təhsil alıb. O, hal-hazırda Lissabonda yaşayıb yaradır. 1993-cü ildən etibarən Mota mütəmadi olaraq həm öz ölkəsində, həm də ölkəsindən kənarda fərdi və kollektiv sərgilər keçirir.

Onun əsərləri Portuqaliya, İspaniya, İtaliya, Belçika, Almaniya, Hollandiya, Danimarka, Meksika, ABŞ, Kanada və Braziliya (O, Braziliyanın Planalto Federal Prezident Sarayının daimi şəxsi kolleksiyasına əsəri daxil edilən ilk portuqal və xarici rəssamdır. Bu kolleksiyadakı rəsm əsərinin ölçüsü 80x400 sm-dir.) daxil olmaqla bir sıra ölkələrdə nümayiş olunub.

1993-2002-ci illər yaradıcılığı rejissor Teresa Tome tərəfindən “Ruhun sərgüzəştləri” filmində lentə alınıb və bir sıra Portuqaliya televiziya kanallarının mədəniyyət proqramlarında işıqlandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti