...

“Nizamidən Nəvaiyə qədər: dövrləri bağlayan tellər” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib

Mədəniyyət Materials 9 Fevral 2022 19:26 (UTC +04:00)
“Nizamidən Nəvaiyə qədər: dövrləri bağlayan tellər” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib

Bakı. Trend:

Cari ilin 9 fevral tarixində “Nizamidən Nəvaiyə qədər: dövrləri bağlayan tellər” mövzusunda onlayn beynəlxalq elmi-praktiki konfrans keçirilib. Sözügedən konfrans Azərbaycan və Özbəkistan respublikalarının Rusiya Federasiyasındakı səfirliklərinin, Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin dəstəyi, M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Asiya və Afrika Ölkələri İnstitutunun təşkilatçılığı ilə təşkil edilib.

Azərbaycanın Rusiyadakı Səfirliyindən Trend-ə bildirilib ki, tədbirdə çıxış edən Səfir Polad Bülbüloğlu bu kimi konfransın keçirilməsinin əhəmiyyətindən söz açmışdır. Səfir bildirmişdir ki, tarixdə elə görkəmli şəxsiyyətlər var ki, əsrlər keçməsinə baxmayaraq, onlar öz yaradıcılığı ilə xalqları, mədəniyyətləri və ölkələri birləşdirirlər. Bununla da bəşəriyyətdə qarşılıqlı anlaşma mühitinin yaranmasına, müxtəlif mədəniyyətlərin daha da zənginləşməsinə və gələcəyə böyük ümidlə baxmağa imkan yaratdıqlarını vurğulamışdır. Məhz Nizami kimi şəxsiyyətlər, onun yaradıcılığı da mənəviyyatın qorunub saxlanılmasına xidmət edir.

2021-ci ilin ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Nizami ilinin elan edildiyini deyən Səfir, keçən il həm Azərbaycanda, həm də dünyanın müxtəlif ölkələrində dahi Azərbaycan şairinin 880 illiyinin geniş qeyd olunduğunu söyləmişdir. Polad Bülbüloğlu Nizaminin qədim Azərbaycan şəhəri olan Gəncədə yaşayıb yaratdığını vurğulayaraq, görkəmli şairin həyat və zəngin yaradıcılığı haqqında tədbir iştirakçılarına məlumat verib.

Nizaminin xatirəsinin Azərbaycanda, o cümlədən onun doğma Gəncə şəhərində əbədiləşdirildiyini bildirən Polad Bülbüloğlu, Rusiyada da dahi mütəfəkkirin adının hər zaman əziz tutulduğunu qeyd etmişdir. 1941-ci ildə blokadada olan Leninqrad şəhərində Dövlət Ermitajının o vaxtkı direktoru İosif Orbelinin təşəbbüsü ilə dahi mütəfəkkirin 800 illiyinin təntənəli qeyd edildiyini deyən Səfir, 1991-ci ildə həmin şəhərin o vaxtkı meri Anatoliy Sobçakın iştirakı ilə eyni binada Nizaminin 850 illik yubileyi ilə bağlı tədbirin keçirildiyini xatırlamışdır. Elə həmin il Moskvada Səfirliyin binasının yanında yerləşən parkda görkəmli şairin abidəsinin ucaldıldığını, bu gün də insanların, xüsusilə də gənclərin parka gələrək abidənin qarşısına gül-çiçəklər qoyaraq Nizaminin əziz xatirəsini yad etdiklərini bildirmişdir. Səfir onu da diqqətə çatdırmışdır ki, 2002-ci ildə Nizaminin daha bir abidəsinin təntənəli açılış mərasimi Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin iştirakı ilə Sankt-Peterburq şəhərində baş tutmuşdur.

Çıxışının sonunda Polad Bülbüloğlu Nizaminin yaradıcılığına müraciət edərək şeir səsləndirib.

Həmçinin, konfransda Özbəkistan Respublikasının Rusiyadakı Səfiri Botirjon Asadov, MDU-nun Asiya və Afrika Ölkələri İnstitutunun direktoru Aleksey Maslov, Avrasiya Xalqları Assambleyasının Baş katibliyinin rəhbəri – Baş katibin birinci müavini Svetlana Smirnova, Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali, Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin rektoru Qulçexra Rixsiyeva və Özbəkistan Milli Universitetinin Tarix fakültəsinin dekanı Alişer Muminov, Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli və digərləri çıxış ediblər.

Çıxış edən natiqlər Nizami və Nəvainin həyat və yaradıcılığı haqda danışmış, əsərlərində bəşəriyyətə ünvanlanmış çağırışları qeyd ediblər.

Daha sonra konfrans öz işini seksiyalar üzrə plenar iclasla davam etdirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti