...

Tanınmış rəssam-rejissor Nazim Məmmədovun xatirə sərgisi açılıb (FOTO)

Mədəniyyət Materials 13 İyul 2023 14:47 (UTC +04:00)
Tanınmış rəssam-rejissor Nazim Məmmədovun xatirə sərgisi açılıb (FOTO)

Bakı. Trend:

“NUR Art House” qalereyasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevi anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev irsi” festivalı çərçivəsində tanınmış rəssam-rejissor Nazim Məmmədovun xatirə sərgisi açılıb. Sərginin təşkilatçıları qismində “Arts Council Azerbaijan” QHT və “NUR Art House” qalereyası çıxış ediblər.

Trend xəbər verir ki, açılış mərasimində çıxış edən “Arts Council Azerbaijan” QHT-nin rəhbəri Dadaş Məmmədov Bakıda hər il istedadlı, təkrarolunmaz və orijinal rəssam, adı bizim uşaqlıq illərinin sevimli cizgi filmləri ilə birlikdə səslənən Nazim Məmmədova həsr edilmiş sərgi təşkil olunur. İlk Azərbaycan cizgi filmlərinin müəlliflərindən biri olan rəssam milli animasiya sənətinin təşəkkülü və inkişafına böyük töhfə verib. N.Məmmədovun fəaliyyəti çoxşaxəli olması ilə seçilib. O, cizgi filmləri ilə yanaşı, dəzgah boyakarlığı, qrafika və uşaq kitablarının illüstrasiyası ilə də məşğul olub. Rəssamın əsərləri Azərbaycanda və xarici ölkələrdə sənətsevərlərə yaxşı məlumdur.

Nazim Məmmədovun tabloları onun daxili aləminin təcəssümü, parlaq rənglərin himnidir. Bu əsərlərdəki rənglərin ahəngi və canlılığı tamaşaçıları reallıqdan nağıllar alıminə aparır, sehrli xəyalların pərvazlanmasına rəvac verir. Bu tablolar insanı gündəlik yeknəsəq həyat tərzindən ayıran hissləri aşılayır.

Rəssam 1934-cü ildə Bakıda dünyaya gəlib. O, 1957-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq məktəbini, 1961-ci ildə Moskvada “Soyuzmultfilm” kinostudiyasının nəzdində multiplikasiya kursunu bitirib. N.Məmmədov həmin il “Azərbaycanfilm” kinostudiyasında multiplikator-rəssam kimi fəaliyyətə başlayıb. Xitruk, Davıdov, Şvartsman kimi görkəmli animatorlardan dərs alan rəssam 20-dən çox Azərbaycan cizgi filminin müəllifidir. O, həmçinin sənədli filmlərin istehsalında da iştirak edib.

Nazim Məmmədov 2004-cü il oktyabrın 29-da Bakıda dünyasını dəyişib.

Sərgi iyulun 16-dək davam edəcək. Qalereyanın iş saatları 11:00-dan 18:00-a qədərdir. Giriş sərbəstdir.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti