...

ADA Universiteti nəzdində fəaliyyət göstərən İtaliya-Azərbaycan Universitetinin yeni kampusunda "Baku Archifest 2025" festivalının təntənəli açılışı olub (FOTO)

Mədəniyyət Materials 5 Noyabr 2025 22:55 (UTC +04:00)
ADA Universiteti nəzdində fəaliyyət göstərən İtaliya-Azərbaycan Universitetinin yeni kampusunda "Baku Archifest 2025" festivalının təntənəli açılışı olub (FOTO)
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Bakı. Trend:

ADA Universiteti nəzdində fəaliyyət göstərən İtaliya-Azərbaycan Universitetinin yeni kampusunda memarlıq və şəhərsalma sahəsində regionun ən nüfuzlu tədbirlərindən biri hesab olunan beynəlxalq “Baku Archifest 2025” festivalının təntənəli açılışı baş tutub.

Trend xəbər verir ki, bu il festival ölkəmizdə ikinci dəfə keçirilib və mühüm peşəkar platforma kimi artan rolunu təsdiqləyib. Tədbirin təşkilatçıları “Design Bureau” və “Aslı Partners” memarlıq şirkətləri olub, onlara ADA Universitetinin Dizayn və Memarlıq fakültəsi akademik dəstək göstərib. Festivalın əsas tərəfdaşları PMD Group və PASHA Real Estate şirkətləri, media tərəfdaşları isə ənənəvi olaraq ASAN Radio və ASAN TV olub.

Festivalın mərkəzi mövzusu “Navigating Urbanity” - şəhəri yaşadan, dayanıqlı, rahat və harmonik edən amillərin araşdırılması olub.

Açılış mərasimində qonaqlar müxtəlif şirkətlərin pavilyonları ilə tanış olub, etno-caz konsert proqramı və “Hypnotica” adlı yaradıcı şou təqdim edilib.

Tədbir çərçivəsində müxtəlif ölkə nümayəndələrinin iştirakı ilə konfrans keçirilib. ADA Universitetinin rektoru Hafiz Paşayev çıxışında 2025-ci il oktyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizə rəsmi səfərlə gəlmiş İtaliya Respublikasının Prezidenti Sercio Mattarella tərəfindən açılmış İtaliya-Azərbaycan Universitetinin yaradılmasının əhəmiyyətini vurğulayıb.

İtaliya-Azərbaycan Universitetinin yaradılması təşəbbüsü Prezident İlham Əliyev tərəfindən 2020-ci ildə İtaliyaya dövlət səfəri zamanı irəli sürülüb. Layihənin həyata keçirilməsi üçün 2022-ci ildə ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi – Luiss Guido Carli Universiteti, Roma Sapienza Universiteti, Turin Politexnik Universiteti, Bolonya Universiteti və Milan Politexnik Universiteti arasında akademik əməkdaşlıq sazişləri imzalanıb.

İtaliya-Azərbaycan Universitetinin binalarının təməli 2022-ci ildə hər iki ölkənin xarici işlər nazirlərinin iştirakı ilə Bakıda qoyulub. Universitetə magistratura səviyyəsində tələbə qəbulu 2023-cü ildən başlayıb. Hazırda burada 8 bakalavr və 2 magistr proqramı üzrə 538 bakalavr və 102 magistr tələbə təhsil alır.

“Bizim üçün Dizayn və Memarlıq fakültəsinin açılması uzunmüddətli və düşünülmüş işin nəticəsidir. Bir neçə il əvvəl çətin görünən təşəbbüs bu gün tamdəyərli təhsil və tədqiqat platformasına çevrilib. Rəsmi səfərlər və işgüzar görüşlər zamanı italyan həmkarlarımızla qurulan əməkdaşlıq müasir və rəqabətədavamlı memarlıq məktəbinin yaradılması istiqamətində mühüm addım olub.

Hazırda fakültədə 260-dan çox tələbə təhsil alır. Onlar yüksək potensiala malik gənclərdir və gələcəkdə yeni şəhər məkanlarının, infrastruktur obyektlərinin, mədəni və ictimai mərkəzlərin müəllifləri olacaqlar. Ölkəyə azad düşüncəli, geniş miqyasda işləməyi bacaran, mədəni konteksti və müasir texnoloji tələbləri nəzərə alan mütəxəssislər lazımdır. Biz inanırıq ki, məhz burada belə yeni nəsil peşəkarlar formalaşır.

Binanın hələ beton mərhələsində – nə daxili işləmələri, nə də avadanlıqları olmadığı dövrü yaxşı xatırlayıram. O zaman qarşımızda duran çətin vəzifə yalnız dərs otaqları yaratmaq deyil, həm də yaradıcı düşüncənin inkişafı üçün mühit formalaşdırmaq idi. ADA Universiteti və “PASHA Real Estate” şirkətinin birgə səyləri nəticəsində bu məqsədə nail olundu. Bu prosesə əməyini, peşəkarlığını və səbirini sərf edən bütün həmkarlarıma, müəllimlərə və tərəfdaşlara ayrıca təşəkkürümü bildirirəm.

Universitetin adı təkcə nailiyyət deyil, həm də məsuliyyətdir. Onu qazanmaq çətindir, lakin qoruyub saxlamaq daha da çətindir. Ümumi vəzifəmiz təhsilin yüksək səviyyəsini qorumaq, beynəlxalq əlaqələri genişləndirmək, praktiki bazanı inkişaf etdirmək və tələbələri real layihələrə və tədqiqatlara cəlb etməkdir.

Əminəm ki, bu konfrans da ideyaların mübadiləsi, yeni həllərin axtarışı və peşəkar ictimaiyyətin möhkəmlənməsi üçün mühüm platforma olacaq. Qoy bugünkü müzakirələr gələcək birgə təşəbbüslərin, layihələrin və yaradıcı əməkdaşlıqların başlanğıcına çevrilsin”, – deyə ADA Universitetinin rektoru Hafiz Paşayev qeyd edib.

Daha sonra tədbirdə “Design Bureau” şirkətinin direktoru, memar Fizuli Əliyev, “Aslı Mimarlık” şirkətinin direktoru, memar Hüseyn Tonquç Özcan, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini, Azərbaycanın əməkdar memarı İlqar İsbatov, BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Azərbaycandakı rəhbəri Anna Soave, ADA Universitetinin Dizayn və Memarlıq fakültəsinin dekanı, İtaliya-Azərbaycan Universitetinin və Milan Politexnik Universitetinin prorektoru Silviya Debora Ferraris, eləcə də “PASHA Real Estate” şirkətinin baş icraçı direktoru Özgür Çeter çıxış ediblər. Natiqlər dayanıqlı şəhərsalmanın əhəmiyyətini, şəhər kimliyinin formalaşmasında memarlığın rolunu və fənlərarası dialoqun vacibliyini vurğulayıblar. Tədbirin aparıcısı Emin Musevi olub.

Tədbir ADA Universiteti ilə PASHA Real Estate arasında əməkdaşlıq memorandumu imzalanması ilə başa çatıb.

Festival 5–7 noyabr tarixlərində keçirilir və 3000-dən çox iştirakçını – peşəkar memarları, ixtisaslaşmış tələbələri, şəhər inzibatçılarını, dizaynerləri və ictimai təşkilatların nümayəndələrini bir araya gətirməyi planlaşdırır.

Festival çərçivəsində Azərbaycan, İtaliya, Türkiyə, Gürcüstan, İran və digər ölkələrdən olan memarlar və tədqiqatçılar şəhərlərin yeni modellərini, memarlığın sosial proseslərlə qarşılıqlı təsirini, müasir mühitdə irsin rolunu və ekoloji həllərin inteqrasiya təcrübələrini müzakirə edirlər.

Festivalın əsas məqsədlərindən biri müxtəlif memarlıq məktəblərini, yanaşmaları, metodologiyaları və mədəni baxış bucaqlarını birləşdirən çoxtərəfli intellektual platforma yaratmaqdır. Proqrama memarlıq tendensiyaları və urbanistik modellər üzrə panel müzakirələr, aparıcı tədqiqatçıların tematik mühazirələri, ustad dərsləri və praktiki məşğələlər, gənc memarların və tələbələrin təqdimat sessiyaları daxildir. Beləliklə, “Baku Archifest 2025” təkcə ekspert müzakirə meydançası deyil, həm də öyrənmə və peşəkar inkişaf məkanı kimi çıxış edir.

“Baku Archifest 2025” gənc memarlarla təcrübəli mütəxəssisləri bir araya gətirərək, şəhər məkanlarının gələcəyi ilə bağlı ideya və baxışların sərbəst mübadiləsini təmin edib, Bakının qabaqcıl şəhərsalma həllərinin müzakirə olunduğu beynəlxalq peşəkar əməkdaşlıq platforması kimi statusunu möhkəmləndirib. Festival Azərbaycanın və ümumilikdə regionun müasir, açıq və harmonik memarlıq mədəniyyətinin formalaşmasına töhfə verir. Tədbir gələcəyin şəhərlərinin insan üçün nəzərdə tutulduğunu və bu məqsədə çatmaq yollarının 2026-cı ildə Bakıda keçiriləcək Dünya Şəhərsalma Forumu hazırlıqları çərçivəsində davam etdiriləcəyini göstərib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti