Azərbaycan, Bakı, 29 oktyabr /Trend/
Millət vəkili Qənirə Paşayeva seçicilərlə görüşlərini davam etdirir.
Trend-in məlumatına görə, Q.Paşayeva Dönük Qırıqlı kəndində seçicilərlə görüşüb: "Düz 10 il əvvəl bu yola sizin xeyr-duanızla çıxdım. Sizə hər zaman söylədiyim kimi mənim üçün deputatlıq sizə, xalqımıza, dövlətimizə daha çox xidmət edə bilməkdir. Ötən 10 illik deputatlıq fəaliyyətimdə var gücümlə sizlərin yanında olmağa, müraciətlərinizin həllinə çalışmışam. Əgər mənə təkrar etimad göstərsəniz, bundan sonra da sizi layiq olduğunuz səviyyədə təmsil etməyə çalışacam. 10 il ərzində sizi təmsil edən millət vəkili kimi hər zaman ölkəmizi iştirak etdiyim bütün beynəlxalq tədbirlərdə də layiqli təmsil etmək üçün çalışdım. Bilirəm ki, siz dəyərli seçicilərim üçün Qarabağ problemi nə qədər həssas və önəmli məsələdir və mən sizin səsiniz olaraq Azərbaycan həqiqətlərinin dünyaya yayılmasında bütün gücümlə cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin apardığı işə dəstək olmağa çalışdım hər zaman. Əgər təkrar etimad göstərsəniz, yenə də sizi layiq olduğunuz səviyyədə təmsil etməyə, gücümün çatdığı qədər sizə, millətimizə və dövlətimizə xidmət etməyə, Milli Məclisdə və beynəlxalq platformalarda sizin layiqli səsiniz olmağa çalışacağam".
Millət vəkili ölkəmizin keçdiyi yoldan, əldə etdiyi uğurlardan, regionda və dünyada son illlər baş verən proseslərdən, Milli Məclisdə qəbul olunan bir sıra qanunlardan, Dağlıq Qarabağ münaqişəsi ətrafında son vəziyyətdən də danışıb və seçicilərlə fikir mübadiləsi aparıb.
Görüşdə Q.Paşayeva yeni seçki platformasını da açıqlayıb və sualları cavablandırıb, sakinlərin təkliflərini dinləyib: "Dövlətimiz nə qədər güclənərsə, problemlərin həlli də o qədər sürətlənər, ona görə də bizim hər birimiz ölkəmizdə sabitliyin qorunub saxlanılması, ölkəmizin daha da inkişaf etməsi istiqamətində birlikdə daha yüksək səylə çalışmağa davam etməliyik".
Tovuz rayonunda görülən işlər barədə danışan Q.Paşayeva Dönük Qırıqlı kəndində seçicilərin məktəbin təmiri ilə bağlı müraciətini təhsil naziri Mikayıl Cabbarovla müzakirə etdiyini və bu məsələnin öz həllini tapacağına inandığını deyib.
Millət vəkili kəndin əkin sahələrinin suvarılması sahəsində vəziyyətin daha da yaxşılaşdırılması istiqamətində Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə ilə, onun nümayəndələri ilə bir neçə dəfə söhbət etdiyini deyib. Məktəbə gələn yolla bağlı "Azəryolservis" ASC-nin rəhbərliyi ilə müzakirə apardığını deyən Q.Paşayeva yaxın zamanlarda başlanan işlərin bitəcəyini deyib.
Dönük Qırıqlı seçiciləri çıxış edərək bildiriblər ki, Q.Paşayevaya etimadları tamdır, çünki o, 10 illik deputatlıq fəaliyyəti zamanı daim kənd sakinləri ilə görüşlər keçirib, ailələri, xəstələri ziyarət edib, gənclərlə önəmli müzakirələr aparıb və hər zaman onların müraciətlərinə, problemlərinə, təkliflərinə həssaslıqla yanaşıb, onların həlli istiqamətində əlindən gələn dəstəyi əsirgəməyib. Eyni zamanda Milli Məclisdə, beynəlxalq platformalarda onların səsi olaraq layiqli şəkildə təmsil edib.
Q.Paşayeva kənddə müəyyən problemləri olan seçicilərlə ayrı-ayrılıqda da görüşüb, geniş müzakirələr aparıb.