...

Rüşvətdə təqsirləndirilən müdir: Aldığım pulu axşam məndən götürürdülər

Gündəm Materials 19 Noyabr 2018 22:32 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaq və dələduzluqda təqsirləndirilən “Safay” uşaq bağçasının müdiri Tərlan Bağırova, müdir müavini Aləmzar Əliyeva və işçisi Azər Əliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.
Rüşvətdə təqsirləndirilən müdir: Aldığım pulu axşam məndən götürürdülər

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaq və dələduzluqda təqsirləndirilən “Safay” uşaq bağçasının müdiri Tərlan Bağırova, müdir müavini Aləmzar Əliyeva və işçisi Azər Əliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

Trend-in məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində ifadə verən Afaq Abdullayeva bildirib ki, bağçaya işə düzəlmək üçün T.Bağırovaya 1500 manat pul verib: "Bağçada 1 ay 15 gün işləmişəm. Təzə təmirdən çıxan yer idi. Dişimizlə, dırnağımızla təmizləmişik".

Təqsirləndirilən şəxslərdən T.Bağırova ilə A.Əliyeva zərərçəkmişlərə dəymiş ziyanı ödəmək üçün növbəti həftəyə qədər vaxt istəyiblər.

Daha sonra şahid qismində dindirilən Vüsal İsmayılov xanımını bağçaya həkim kimi işə düzəltmək üçün 1500 manat pulu T.Bağırovaya verdiyini deyib.

Prosesdə digər şahid Lalə Şərifova da işə düzəlmək üçün 1500 manat pul verdiyini qeyd edib. O bildirib ki, 6 ay Yasamaldakı bağçada tibb bacısı kimi işləyib, cəmi bircə dəfə 50 manat maaş alıb.

Məhkəmədə təqsirləndirilən A.Əliyeva deyib ki, hər ikisi vətəndaşlardan pul alıb, amma hazırda T.Bağırova onu günahkar çıxarır: "Aldığımız pulu qaytarmalıyıq. Tərlan xanım azadlıqda olanda ona söylədim ki, "gəl Kürdəxanıya, danışaq, məsələni həll edək.

O, Kürdəxanıya gələ bilməyəcəyini dedi. Sonra da özü tutuldu. Mən başqa cür onunla neçə danışa bilərəm. Aramızda telefon danışıqları var. Kimin kimdən pul aldığı bəllidir. İkimiz də pul almışıq".

T.Bağırova isə vurğulayıb ki, o, işə götürülənləri A.Əliyevanın istəyi ilə qəbul edib: "Bağça mənim deyildi. Aləmzargil açdı və məni də ora müdir təyin elədilər. İşə adam götürüb yanıma göndərirdilər. Mən nə edə bilərdim? Axşam da özü pulu məndən alırdı. Onsuz da tutulacağıq. Heç olmasa kişi qızı kimi düzünü danışaq".

Məhkəmənin növbəti iclası noyabrın 26-na təyin edilib.

İttihama əsasən, Bakının Yasamal rayonu, Əhməd Cəmil küçəsində hündürmərtəbəli binanın birinci mərtəbəsində fəaliyyət göstərən “Safay” uşaq bağçasının müdiri Tərlan Bağırova, müdir müavini Aləmzar Əliyeva və işçisi Azər Əliyevin barəsində Cinayət Məcəlləsinin 311.3.1-ci (rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən) və 178.2.1; 178.2.2-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Barəsində həbs qətimkan tədbiri seçilmiş A.Əliyeva bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tovuz rayon şöbəsində dövlət qulluqçusu vəzifəsində çalışıb. A.Əliyev isə sabiq polis əməkdaşı olduğunu deyib. Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən T.Bağırovanın barəsində seçilmiş polisin nəzarəti qətimkan tədbiri dəyişdirilib. O, ötən məhkəmə iclasına gec gəldiyi üçün barəsində həbs qətimkan tədbiri seçilib. T.Bağırova məhkəmə zalında həbs olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti