...

“Gazelli Art House” “Terra” sərgisini təqdim edir (FOTO)

Gündəm Materials 24 Noyabr 2018 13:03 (UTC +04:00)
“Gazelli Art House” böyük məmnuniyyətlə sizə yeni, dinamik peyzaj əsərlərini bir araya gətirən möhtəşəm “Terra” sərgisini təqdim edir
“Gazelli Art House” “Terra” sərgisini təqdim edir (FOTO)

Bakı. Trend:

“Gazelli Art House” böyük məmnuniyyətlə sizə yeni, dinamik peyzaj əsərlərini bir araya gətirən möhtəşəm “Terra” sərgisini təqdim edir. İnsanın öz ətrafına coğrafi, iqtisadi və şəxsi baxımdan mənsubiyyətini əks etdirmək üçün, bu əsərlərdə müxtəlif medialardan istifadə edilmişdir. Sərgidə iştirak edən rəssamlar: Aziz və Kuçer, Derek Boşyer, Stenli Kasselman, Şarlotta Kolbert, Filip Kolbert, Ceyn Makadam Freyd, Şan Hur, Françesko Cudis, Kalliopi Lemos, Covanni Ozzola, Ceyms Ostrer və Saad Qureşi, həmçinin Yun-cin Junq, Hyo Myonq-Kim, Uol və Zoniel.

Sərgi ekspozisiyasında Saad Qureşinin 2011-ci ildə “Gazelli Art House” üçün yaratdığı, “Quicken” adlı monumental əsəri təqdim ediləcək. Bu əsər, ən xırda detalları özündə əks etdirən, müsəlmanların hər gün namaza dəvət olunduğu, azanların oxunduğu zaman məscidin bir hissəsini təşkil edən möhtəşəm minarə və ya nazik uzunsov qüllə heykəlindən ibarətdir. Bu minarə, qalereyanın döşəməsində maili şəkildə yerləşdirilərək, ziyarətçilər üçün dramatik və canlı əsər kimi təqdim edilir.Minarələr “yerlə göyü birləşdirən element” kimi nəzərdə tutulur. Heykəlin bu formada yerləşdirilməsi, rəssamın yaddaşına, onun bombalanmadan sonra gördüyü uçmuş qülləyə istinad edir.

Aziz və Kuçer rəssamlar cütlüyünün hazırladığı “Scenapse” silsiləsi landşaft əsərlərinə müasir baxışdır. Rəqəmsal təsvirdən istifadə etməklə, rəssamlar landşaft səhnələrini həyata qaytaran, möhtəşəm dərinlik səviyyəsinə malik teksturalı əsərlər yaradırlar. İstər səhra olsun (Scenapse #8), istərsə də okean üfüqü (Scenapse Wave Copper), bu əsərlər bizim bu gün mədəniyyəti müasir üslubda rəqəmsallaşdırmağımıza münasibətini bildirir.

Stenli Kasselman, xalis abstraksiyanı ən qeyri-adi yollarla yaradan, heyrətamiz dərəcədə gözəl sənət əsərləri ilə tanınır. “Xalis abstraksiya mütləq məntiqi tapdığım yeganə məkandır”, deyə rəssam izah edir. O, rezin valik ilə akril boya və ya parıltılı gel mediumunu kətan boyunca yaxmaqla, palet bıçağı ilə qarışdırıb-bölməklə, daraqlar vasitəsilə teksturalar yaratmaqla öz daxili emosiyalarını ifadə edir. Boya qatları rəngin möhtəşəm və qaba enerjisini təsdiqləyərək xəfif işartı saçdıqca, bu əsərlər ətrafa səpələnən konfettiləri və şəlalələri xatırladır.

Şarlotta Kolbertin “Ordinary Madness” adlı silsilə əsərləri həyatımızın ayrılmaz hissəsi olan rəqəmsal texnologiyalar, kompüterlər və telefonlar ətrafında yaranan müasir problemlərdən bəhs edir. Kolbert hamının yaxşı tanıdığı birbaşa kommunikasiya vasitələrinin piktoqramlarını götürərək, lazımsız bir mühitdə yerləşdirir və bununla da, 21-ci əsrin “dilinin” prizmasından göründüyü kimi, gündəlik həyatımızın sürrealistik parodiyasını yaradır.

Derek Boşyer, Kralica İncəsənət Kollecində pop-art cərəyanında çalışan Kitaj, Allen Couns, R.B. və Devid Hokni kimi məşhur rəssamlarla tanış olub. O, iri brendlərin loqotiplərini birləşdirməklə, amerikan “istehlakçı mədəniyyətinin” ikonalarını təqdim edib. Populyar təsvirlərdən istifadə ilə bağlı qeyri-iyerarxik yanaşma, Boşyer yaradıcılığında uzun müddət davam edən mövzulardan biri olub. Onun son yaradıcılıq işləri gündəlik həyatımızın rəqəmsallaşdırılmasını, habelə insanların öz ətrafını qiymətləndirməsi və ya qiymətləndirməməsini sual altına qoyur.

Filip Kolbertin genişmiqyaslı yağlı boya rəsmləri müasir hekayə (süjet-tematik) rəssamlığının sərhədlərini adlayaraq, yeni səviyyəyə çıxır. “Biz, geniş kütlələrin istifadə etdiyi Instaqram və sosial şəbəkə təsvirlərinin artistik yaddaş ilə bir araya gəldiyi sanki “meqapop” dünyasında yaşayırıq və burada hökm sürən ultrapop bitib-tükənmir”. Kolbertin əsərləri, Riçard Hemilton, Ceyms Rozenqvist və Roy Lixtenşteyn kimi rəssamlar tərəfindən yaradılmış dialoqdan qaynaqlanır.

Ceyn Makadam Freyd, hər hansı sənət əsəri üzərində işləyərkən və ya onun “sönmüş şüuru”, onu yeni əsər yaratmağa stimullaşdıranda, o, “instinktiv şüursuzluq” prinsipinə tam səmimiyyətlə və inadla riayət edir. O, hesab edir ki, insanın şüurunda olan ən xırda fəaliyyətlər, onun fikirlərini və hərəkətlərini istiqamətləndirməyə qadirdir. Bu baxımdan, rəssam öz şüurunda olan bu hərəkətlərə son dərəcə həssas yanaşır və onları “sərbəst assosiasiya” prosesi vasitəsilə, çox fəal şəkildə ifadə edir.

Şan Hur, mədəni intibah və daim baş verən transformasiyalardan əldə edilən tapıntıları ilə seçilir. O, öz əsərlərində nadir tapıntıları və qədim abidələri bir araya gətirməklə, qalereyanın fiziki məkanını sual altına qoyur. Onun müdaxiləsi, tamaşaçının qalereya məkanını və əsərin nümayiş etdirilməsində həmin məkanın oynadığı rolu tam qavramasını alt-üst edir.

Françesko Codisin ən son “Sunset Boulevard” silsiləsindən olan bu əsər, sonuncu Qərb imperiyasını araşdırır. Codis, “Amerikan Qərbini” müəmmalı coğrafi tarixin izləri və son müstəmləkələrdən olan Hollivud, atom silahının sınağı və hərbiləşdirmə kimi hadisələrlə yenidən aşkara çıxarır və təsvir edir. Əsərlərin başlıca məqsədi, Amerikanın “uzun müddətli əsrini” izah etmək və artıq keçmiş sayılsa da, hazırkı dövrün arxeologiyasını təqdim etməkdir.

Kalliopi Lemosun əsəri, qlobal xronika haqqında biliklər, qavrayış və məlumatlılığın vizual sferasında iştirak etməyə davam edir. Qadınların problemlərinə son dərəcə həssaslıqla yanaşaraq, “All is to Be Dared” əsəri, həm tarixən, həm də bugünkü dünyada feminizmin rolu haqqında çox vacib müasir mühakiməni ortaya çıxarır.

Covanni Ozzolanın diqqəti, görüntü üçün zəruri material sayılan işığa cəmlənmişdir. Öz əsərinin mərkəzində, o, üçölçülü məkana və işığa marağını və meylini əks etdirir. Ozzola, efemerallığın təsvir edilməsində aniliyi, həmçinin, ənənəvi olaraq rəssamlıqla əlaqələndirilən, lakin səliqə ilə yaradılmış sünilik arasında dəyişən, beş insan duyğusunu canlandıran parlaq, obrazlı təsvirlər ərsəyə gətirir.

Ceyms Ostrerin “Wotsit” silsiləsindən olan portretləri insanların istehlak və kommersiya məhsullarına etibar etməsinə öz münasibətini bildirir. Onun əsərləri artıq korlanmış qloballaşmanın, ərzaq istehsalında get-gedə artan təhlükəli metodların nəticəsini təsvir edir.

Qeyd edək ki, "Terra" sərgisi 2018-cil noyabrın 24-dən 2019-cu il martına qədər davam edəcək.

“Gazelli Art House” Müasir İncəsənət Qalereyası, London və Bakıda yerləşən sərgi məkanları, habelə qlobal ictimai layihələr vasitəsilə geniş tamaşaçı kütləsinə çoxşaxəli və dinamik proqramları təqdim edərək, bir çox beynəlxalq səviyyəli rəssamları dəstəkləyir. “Gazelli Art House” 2003-cü ildə Bakıda təsis edilib və ilk olaraq, bu məkanda Azərbaycan rəssamlarının iştirakı ilə sərgilər keçirilib. Londonda konseptual baxımdan bir-biri ilə əlaqəli xarici sərgilər keçirəndən sonra, “Gazelli Art House” qalereyasının təsisçisi və rəhbəri Mila Əsgərova, 2012-ci ilin mart ayında Londonun məşhur Dauer küçəsində daimi sərgi məkanını təsis etdi.

2013-cü ildə, “Gazelli Art House”, ikinci əl bazarda özəl satışlar üzrə ixtisaslaşmağa və sığorta, irsiyyət, trast fondları, əmlak kompleksləri, habelə ayrı-ayrı rəsm əsərləri və ya təsviri incəsənət kolleksiyalarının cari bazar dəyəri üzrə peşəkar qiymətləndirmə xidmətləri göstərməyə başladı. 2015-ci ildə, qalereya, öz “Digital Art House” (www.gazell.io) adlı onlayn rezidenturasını yaratdı. Rezidentura, vaxtaşırı fiziki qalereya məkanında görüşmək üçün, elektron və virtual reallıq aləmində çalışan rəssamlar üçün nəzərdə tutulub. 2017-ci ildə, “Gazelli Art House” Bakıda, tamamilə yeni məkanda, qrup sərgisi ilə yenidən öz qapılarını ziyarətçilər üçün açdı. Bakıda yeni dizayna malik “Gazelli Art House” qalereya məkanının ilk təntənəli açılış sərgisində qalereya rəssamlarının yaradıcılığından ən parlaq əsərlər təqdim edildi. Bu qrup sərgisi, 2015-ci ildə Londonda öz 5 illiyini qeyd edən, London “Gazelli Art House” qalereyasında keçirilən tanışlıq sərgisindən qaynaqlanır.

Daha ətraflı məlumat üçün: [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti