...

Azərbaycanlı qadınları Malayziyada satan insan alverçisinin məhkəməsi başladı

Gündəm Materials 9 Yanvar 2019 17:42 (UTC +04:00)
Məlahət Bəşirovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Azərbaycanlı qadınları Malayziyada satan insan alverçisinin məhkəməsi başladı

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində azərbaycanlı qadınları xaricdə cinsi istismara məruz qoymaqda təqsirləndirilən Məlahət Bəşirovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Trend-in məlumatına görə, hakim Samir Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatı dəqiqləşdirilib və məhkəmə baxışı yanvarın 16-na təyin edilib.

Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində Sumqayıt şəhər sakini, 1976-cı il təvəllüdlü Məlahət Bəşirova həbs edilib.

Məlahət Bəşirova 2017-ci ildən İnterpol kanalları ilə beynəlxalq axtarışa verilib.

M.Bəşirova Azərbaycan vətəndaşı olan bir neçə qadını Malayziyaya aparıb və orada cinsi istismara məruz qoymaqda təqsirləndirilir.

Məlahət Bəşirovadan zərərçəkmiş qadınlar Maylayziyadan Azərbaycana qayıtdıqdan sonra İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə müraciət ediblər.

İstintaq orqanı tərəfindən Məlahət Bəşirovanın barəsində Cinayət Məcəlləsinin 144-1.2.2-ci (təkrar insan alveri törətmək), 144-3.4-cü (insan alveri məqsədi ilə hər hansı bir şəxsin şəxsiyyət vəsiqəsini, pasportunu və ya şəxsiyyətini təsdiq edən digər sənədini, yaxud yol (sərhədkeçmə) sənədini götürmə, saxlama, gizlətmə, zədələmə və ya məhvetmə), 144-1.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən insan alveri törətmək) və 144-1.2.4-1-ci (insan alveri qurbanını Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə insan alveri törətmək) maddələri ilə ittiham elan edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti