Bakı. Trend:
“Regional İnkişaf” İctimai Birliyinin (RİİB) təşəbbüsü ilə görülən işlər regionlarda böyük məmnunluqla qarşılanır.
Trend-in məlumatına görə, bunu fevralın 1-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə keçirilən Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında çıxışı zamanı “Regional İnkişaf” İctimai Birliyinin nümayəndəsi Aydan Ramazanova deyib.
A.Ramazanova bildirib ki, 2016-cı ildə Heydər Əliyev Fondu tərəfindən təsis olunmuş “Regional İnkişaf” İctimai Birliyinin məqsədi regionlarda ictimai nəzarəti həyata keçirmək, ölkəmizin sosial, ictimai və mədəni həyatında fəal iştirak etmək, dövlətimiz tərəfindən regionların inkişafı sahəsində həyata keçirilən tədbirlərə geniş dəstək göstərməkdən ibarətdir. Bu istiqamətdə İctimai Birlik bölgələrdə mütəmadi görüşlər keçirir, insanların qayğıları ilə maraqlanır, müraciətlərini araşdıraraq həlli yollarını axtarır:
"Cənab Prezident, bu günədək biz Sizin və Mehriban xanımın bilavasitə dəstəyi sayəsində əhalinin sosial, infrastruktur, özünüməşğulluq, səhiyyə və digər məsələlərlə bağlı çoxsaylı müraciətlərinin müsbət həllinə nail olmuşuq. İcazənizlə görülmüş işlərdən bəzi nümunələri qeyd etmək istəyirəm. Əhalinin özünüməşğulluğunun təmin olunması ilə bağlı Sizin tapşırığınıza uyğun olaraq, “Sosial bağlar” layihəsi həyata keçirildi".
O əlavə edib ki, layihə çərçivəsində 125 şəhid ailəsi, əlil və aztəminatlı ailələr üçün intensiv meyvə bağları salındı. Bu bağlar onların yaşayış səviyyəsinin yaxşılaşdırılmasında əhəmiyyətli rol oynayacaq: "Bu yaxınlarda Ağsu rayonundan qayıtdıq. Əhalinin Sizə salamlarını çatdırmaq istərdim. Ağsu rayonunun Elabad kəndində sakinlərə verilmiş pay torpaqlarının sərhədləri uzun müddət qeyri-müəyyən olduğundan, insanlar torpağı əkib-becərməkdə və dövlət tərəfindən verilmiş imtiyazlardan istifadədə çətinlik çəkirdi".
A.Ramazanova qeyd edib ki, İctimai Birliyin təşəbbüsü ilə aidiyyəti qurum tərəfindən qısa müddət ərzində torpaqların dəqiq sərhədləri müəyyənləşdirildi, vətəndaşlara müvafiq mülkiyyət sənədləri verildi. Eyni zamanda, əkin üçün torpaqların şumlanması və məhsulun yığılmasında da onlara lazımi kömək göstərildi: "Belə nümunələr kifayət qədərdir. Bildirmək istərdim ki, bütün bu işlər regionlarda əhali, xüsusilə gənclər tərəfindən böyük məmnunluqla qarşılanır, onlarda ruh yüksəkliyi yaradır və dövlətə olan inamı daha da gücləndirir.
Cənab Prezident, bütün bu işlərdə həmişə Sizin və Mehriban xanımın dəstəyinə arxalanırıq. Sizin insanlara bu cür qayğı göstərməyiniz, onların problemlərinə həssaslıqla yanaşmağınız bizə və bütün gənclərə stimul verir".
İctimai Birliyin nümayəndəsi deyib ki, gənclərimiz bütün sahələrdə gedən inkişaf proseslərini yaxından izləyir və dövlətimizin əldə etdiyi nailiyyətlərlə qürur duyur: "Sizin rəhbərliyiniz altında dövlətçiliyimiz, siyasi və iqtisadi müstəqilliyimiz daha da möhkəmlənib. Bu gün ölkəmiz beynəlxalq tədbirlərin, forumların, mötəbər idman yarışlarının keçirildiyi məkana çevrilib. Xalqımızın rifahı naminə gördüyünüz bütün bu işlər Azərbaycan gənclərində xoşbəxt gələcəyə olan inam və əminliyi daha da artırır. Regionlardakı gənclərimizin sosial fəallığının artırılması, onların bilik və bacarıqlarının inkişaf etdirilməsi, həyata keçirilən layihələrdə iştirakının təmin olunması məqsədilə biz geniş fəaliyyətimizə könüllüləri də cəlb etmişik".
O vurğulayıb ki, hazırda 500-ə yaxın könüllü İctimai Birliyin bütün təşəbbüslərinə dəstək verərək müxtəlif idman yarışlarında, marafonlarda, səhiyyə aksiyalarında, eləcə də əhalinin tibbi, hüquqi və ekoloji maarifləndirilməsində fəal iştirak edir:
"Möhtərəm cənab Prezident, “Regional İnkişaf” İctimai Birliyi olaraq biz regionlara, o cümlədən cəbhə bölgələrinə müntəzəm səfərlər edirik. Bu səfərlər zamanı şahidi oluruq ki, xalqımızda böyük ruh yüksəkliyi, milli birlik və həmrəylik var. Bu hisslər onların Sizə və Mehriban xanıma olan inamından irəli gəlir. Siz bayramları, xoş günlərinizi, hətta doğum günlərinizi xalqla, qaçqın və məcburi köçkünlərlə, şəhid ailələri və əsgərlərlə qeyd edirsiniz. Bu, biz gəncləri bir daha hədsiz qürurlandırmaqla yanaşı, Sizdən humanizm və vətənpərvərlik dərsi alaraq dövlətimizə layiqli vətəndaş kimi yetişməyimizdə böyük rol oynayır.
Bizim qarşımıza konkret məqsədlər qoyulub. Region gəncləri adından bildirmək istəyirəm ki, bu məqsədlərə nail olmaq üçün bundan sonrakı fəaliyyətimizdə də dövlətimizə və Prezidentimizə sadiq qalaraq, Sizin ətrafınızda sıx birləşəcək, ölkəmizin inkişafı naminə daha böyük əzmlə çalışacağıq. Möhtərəm cənab Prezident, regionların inkişaf etdirilməsi istiqamətindəki fəaliyyətinizdə biz gənclər Sizin bir nömrəli köməkçilərinizik".