Bakı. Elçin Mehdiyev – Trend:
Azərbaycanda dəniz ticarət limanlarının layihələndirilməsi zamanı ətraf mühitə təsirinin qiymətləndirilməsi sənədinin hazırlanması tələb ediləcək.
Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan "Dəniz limanları haqqında" qanuna dəyişikliklərdə öz əksini tapıb.
Dəyişikliyə uyğun olaraq, dəniz ticarət limanlarının, eləcə də sahil limanları ilə əlaqəli boşaltma və yükləmə məqsədli, eləcə də ağırlığı 1350 tondan yuxarı gəmilərin yanalma körpülərinin (bərələr istisna olmaqla) layihələndirilməsi zamanı ətraf mühitə təsirinin qiymətləndirilməsi həyata keçirilməlidir.
Bu zaman həmin layihə ilə bağlı ətraf mühitə təsirinin qiymətləndirilməsi sənədi hazırlanmalı və sənədin ekoloji ekspertizası həyata keçirilməlidir.
Layihəyə əsasən, bu obyektlər təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olduqda həmin obyektlərin yenidən qurulması və ya həmin obyektlərdə mövcud qurğu və avadanlıqların dəyişdirilməsi üçün ətraf mühitə təsirin qiymətləndirilməsi sənədinin hazırlanması tələb olunmur.
Dəyişikliklər səsə qoyularaq qəbul edilib.