...

İraqın Neft naziri Bakı Ali Neft Məktəbində olub (FOTO)

Gündəm Materials 28 Sentyabr 2021 10:20 (UTC +04:00)
İraqın Neft naziri Bakı Ali Neft Məktəbində olub (FOTO)

Bakı. Trend:

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Azərbaycanda səfərdə olan İraqın Neft naziri İhsan Əbdül Cabbar İsmayilin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Rektor öncə Ali Məktəbin kampusunu gəzən qonaqlara burada yaradılan modern tədris şəraiti və tədqiqat mühiti ilə bağlı ətraflı məlumat verib. Sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov ikitərəfli formatda səmərəli əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib. Bildirib ki, İraqın universitetləri ilə tələbə - təcrübə mübadiləsi çox faydalı ola bilər. Elmar Qasımov rəhbərlik etdiyi Ali Məktəbin tələbələrinin transmilli, beynəlxalq neft – qaz şirkətlərində, o cümlədən SOCAR – ın müəssisələrində istehsalat təcrübəsi keçdiyini vurğulayıb. Qeyd edib ki, bu da onların gələcəkdə beynəlxalq standartlarda ingilisdilli kadrlar kimi yetişməsinə imkan yaradır. Ali Məktəbə tədrisi müasir tələblərə uyğun təşkil etmək üçün yüksəkixtisaslı yerli və əcnəbi mütəxəssislər, müəllimlər cəlb olunub. Prezident İlham Əliyevin “ Biz neft kapitalını insan kapitalına çevirməliyik ” şüarını xatırladan rektor vurğulayıb ki, bu istiqamətdə səylərimizi daha da artırmalıyıq.

İraqın Neft naziri İhsan Əbdül Cabbar İsmayil Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildirib. O, hər iki ölkə arasında təhsil sahəsində əlaqələrin genişləndirilməsinin vacibliyinə toxunub. Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıq istiqamətində mütəxəssislərin qarşılıqlı çalışması üçün bir sıra tapşırıqlar verəcəyini bəyan edib.

Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə Bakı Ali Neft Məktəbində iraqlı tələbələrin təhsil alması və iraqlı mütəxəssislərin təlim keçmələri qərara alınıb.

Sonda Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov İraqın Neft naziri İhsan Əbdül Cabbar İsmayila “ Fəxri qonaq “ plaketini təqdim edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti