...

Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan www.shusha.today portalının təqdimatı olub (FOTO)

Gündəm Materials 5 Noyabr 2021 22:59 (UTC +04:00)
Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan www.shusha.today portalının təqdimatı olub (FOTO)

Bakı. Trend:

Bakı Kitab Mərkəzində Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan www.shusha.today portalının təqdimatı olub.

Trend-in məlumatına görə, portal Şuşada tarixi, bu günə kimi şəhərdə baş verən hadisələri dünya ictimaiyyətinə çatdırmaq məqsədi ilə ingilis dilində yaradılıb.

İşçi qrupunun üzvü Zaur Məmmədov bildirib ki, portal 7 bölmədən ibarətdir. “Bizim Şuşa” adlı bölmədə şəhərin yarandığı gündən işğal olunduğu dövrə qədərki tarixi, ermənilərin Şuşa şəhərini işğal etməsi, 44 günlük müharibə, Şuşanın işğaldan azad edilməsi və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bu münasibətlə xalqa müraciəti yer alıb.

“Şuşada erməni vandalizmi” adlı ikinci bölmədə Şuşanın tarixi və mədəni abidələrinə qarşı erməni vandalizmi, Şuşanın Dövlət Tarix-Memarlıq Qoruğu elan edilməsi və bu qoruğun işğaldan sonra dağıdılması, dünya, yerli və ölkə əhəmiyyətli mədəni irs nümunələrinin talan olunması, məhv edilmiş mədəni irs nümunələrinin siyahısı və həmin abidələrin nə vaxt və kim tərəfindən inşa olunması, ermənilər tərəfindən dağıdılması haqqında məlumatlar yer alıb.

“Şuşa bu gün” bölməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin işğaldan azad olunduqdan sonra şəhər ilə bağlı Sərəncamları, Şuşaya səfərləri, Şuşada aparılan yenidənqurma işləri və Şuşada baş verən yenilikləri özündə əks etdirən xəbərlər verilir. Bu bölmə daim yenilənir və Şuşanın quruculuq tarixi addım-addım bu hissədə öz əksini tapacaq.

“Şuşanın qəhrəmanları” bölməsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının siyahısı təqdim olunub.

“Şuşanın məşhur insanları” bölməsində Şuşada anadan olan, yaşayan, yaradan, Şuşanın tarixində və mədəniyyətinin formalaşmasında misilsiz rolu olan tarixi şəxsiyyətlər barədə məlumat, foto və videomateriallar verilib.

8 Noyabr - Zəfər gününə həsr edilən tədbirdə Xalq artistləri Murad Hüseynov, Əvəz Abdulla, Əməkdar artistlər Fərqanə Qasımova, Azər Zadə, beynəlxalq müsabiqələr laureatı, pianoçu Səidə Tağızadə və digər sənətçilərin ifalarından ibarət musiqili proqram təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti