Bakı. Samir Əli - Trend:
Amnistiya ilə bağlı daxil olan müraciətlər araşdırılacaq, qanunsuzluq aşkar edilərsə, aidiyyəti üzrə tədbir görüləcək.
Trend-in məlumatına görə, bunu Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova 8 noyabr – Zəfər Günü münasibətilə elan olunmuş Amnistiya Aktına həsr edilmiş "Dövlətimizin humanist siyasətinin növbəti təzahürü" mövzusunda KİV-lərin iştirakı ilə dəyirmi masada çıxışı zamanı deyib.
Onun sözlərinə görə, prosesə ciddi nəzarət tətbiq edilir:
"Əməkdaşlarımız tərəfindən prosesdə heç bir boşluğa yol verilə bilməz. Belə bir durum aşkarlanarsa, həmin əməkdaşlar barəsində tədbir görüləcək".
Qeyd edək ki, noyabrın 5-də Milli Məclis Zəfər Günü ilə bağlı amnistiya elan edilməsi haqqında qanun layihəsini təsdiqləyib. Qərar qəbul edilən gündən qüvvəyə minib. Aktın 17 min məhkuma şamil edilməsi gözlənilir.