...

"Azərxalça"da ip alınması üçün ayrılan pulun 2 milyon manatı təyinatı üzrə xərclənməyib - Məhkəmə

Gündəm Materials 17 Dekabr 2021 15:55
"Azərxalça"da ip alınması üçün ayrılan pulun 2 milyon manatı təyinatı üzrə xərclənməyib - Məhkəmə

Trend-i buradan izləyin

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədri, həbs edildikdən bir müddət sonra ev dustaqlığında vəfat edən Vidadi Muradovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclasda şahid qismində ifadə verən karqo şirkətlərindən birində Rəşad Qurbanov bildirib ki, o, gələn malların boşaldılıb paylaşılması ilə məşğul olub.

"Xaricdən gələn yük bir adamın adına vurulurdu, gömrükdən keçdikdən sonra da təhvil verilirdi. Dediyim kimi, mən fəhlə olmuşam, nə deyiblər, onu da gətirmişik", - deyə şahid bildirib.

Dövlət ittihamçısı deyib ki, gömrük məntəqəsi bu məlumatı təkzib edir: "Siz deyirsiz ki, yük adamın adına vurulub, amma gömrük deyir belə bir şey olmayıb".

Şahid bildirib ki, malların gömrüyə kimin adına gəldiyini xatırlamır.

Dövlət ittihamçısının "işlədiyiniz vaxtda 114 ton ip gətirilməsini xatırlayırsınızmı?" sualına cavab olaraq şahid həmin vaxt ərzində 66 tona yaxın ip gətirildiyini deyib.

Şahid ifadəsi zamanı prokurorun gətirilən malların nəyə görə sənədi olmadığı sualına da aydınlıq gətirib: "Dediyim kimi, yüklər bir adamın adına vurulurdu, ayrı-ayrı olsaydı, onda gərək 70-80 nəfərin adı olmalı idi. Belə olan halda da bunu rəsmiləşdirmək qəliz iş olurdu. Burada bizim şirkət nə qazanırdı desəniz, tam səmimi olaraq deyə bilərəm ki, indiki dövrdə heç nə qazanmırıq".

Məhkəmədə məlum olub ki, 9 hüquqi şirkətə məxsus bank hesabına 3 milyon 435 min 835 manat pul köçürülsə də, istintaq zamanı müəyyən edilib ki, bunun 1 milyon 376 min 750 manatı həqiqətən xərclənib. Yerdə qalan hissə isə iplə bağlı olmayan məsələlərə sərf olunub.

Daha sonra yükdaşıma şirkətlərinin birində fəhlə işləyən şəxs ifadə verib.

Şahid bildirib ki, mərhum Vidadi Muradovla yalnız telefonla danışıb: "İldə bir-iki dəfə iplik gəlirdi. Mənim işim də onu boşaltmaq olub"

Növbəti proses dekabrın 21-ə təyin edilib.

Xatırladaq ki, V.Muradov noyabrın 4-ü gecə saatlarında onkoloji xəstəlikdən dünyasını dəyişib.

Rəsmi məlumata görə, Muradov Vidadi Aydın oğlunun qanunsuz əməlləri ilə əlaqədar Baş Prokurorluğa daxil olmuş materiallar əsasında aparılmış araşdırma nəticəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Aparılmış istintaq tədbirləri ilə V.Muradovun qeyd olunan vəzifədə işləyərkən 9 dekabr 2016-cı il tarixdən 31 dekabr 2019-cu il tarixədək olan müddətdə digər şəxslərlə qabaqcadan əlbir olaraq “Azərxalça” ASC-yə məxsus xalça istehsalı üçün nəzərdə tutulan ipin formal müqavilələrin bağlanması yolu ilə alqı-satqısı məqsədilə bir neçə hüquqi şəxsə məxsus bank hesablarına ümumilikdə 3 milyon 435 min manat məbləğdə pul vəsaitinin köçürülməsinə və həmin məbləğin 1 milyon 149 min manat olan hissəsinin nağdlaşdırılmaqla mənimsəməsinə, hərəkətləri ilə cəmiyyətin qanunla qorunan əmlak və sair hüquqlarına, habelə qanuni mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə, eləcə də rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr yaranıb.

Bundan başqa, V.Muradovun 20 dekabr 2017-ci il tarixdən 18 fevral 2019-cu il tarixədək olan müddətdə cəmiyyətə məxsus müxtəlif ölçülü xalçaları təsisçisi olduğu “Azər-İlmə” MMC-yə ucuz qiymətə satılmasına nail olmaqla 339 427 manat məbləğində əmlakı mənimsəyərək “Azərxalça” ASC-nin qanuni mənafelərinə təkrarən mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr yaranıb.

Habelə V.Muradovun 28 mart 2019-cu il tarixdə xarici bazarlarda 800 min ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 1 milyon 360 min manat təşkil edən yun təmizləmə xəttinin alınmasının mümkün olmasına və həmin alqı-satqının rəhbəri olduğu Cəmiyyət üçün maddi baxımdan daha səmərəli olmasına baxmayaraq, istintaqla şəxsiyyətləri araşdırılan qeyriləri ilə qabaqcadan əlbir olaraq “Azərxalça” ASC-yə məxsus olan əmlakı israf etməklə talamaq məqsədilə Cəmiyyət üçün maddi cəhətdən daha ağır şərtlərlə, Almaniya Federativ Respublikası ərazisində fəaliyyət göstərən şirkətlərdən biri ilə dəyəri 5 milyon 314 min avro (və ya 10 milyon 167 min manat) təşkil edən podrat müqaviləsini bağlayıb, müqavilənin tərkib hissəsi kimi yun təmizləmə xəttinin alınması üçün 1 milyon 800 min avro (və ya 3 milyon 444 min manat) məbləğində pulun “Azərxalça” ASC-nin bank hesabından şirkətin bank hesabına ödənilməsinə nail olmaqla, “Azərxalça” ASC-yə məxsus cəmi 2 milyon 84 min manat məbləğində əmlakı israf etməsinə, həmin hərəkətləri ilə təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr yaranıb.

9 yanvar 2021-ci il tarixdə V.Muradova CM-nin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib, rayon məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti