Bakı. Trend:
Bu gün azərbaycanlıların Laçın şəhərinə qayıtması Türkiyə mətbuatı tərəfindən geniş işıqlandırılıb.
Trend-in məlumatına görə, Türkiyənin nüfuzlu "Yeni Şafak" qəzeti Azərbaycan Prezidenti İlham Əliyevin "Twitter" səhifəsində paylaşdığı yazını geniş şəkildə işıqlandırıb.
Məqalədə Laçın rayonunun 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat əsasında Azərbaycanın nəzarətinə geri qayıtdığı bildirilib.
Xatırladaq ki, bu gün Azərbaycan Ordusunun bölmələri Laçın şəhərinə daxil olub. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Laçın şəhəri, eləcə də Zabux və Sus yaşayış məntəqələri Azərbaycan Ordusunun bölmələri tərəfindən tam nəzarətə götürülüb. Hazırda qeyd olunan ərazilərdə Azərbaycan Ordusunun bölmələrinin yeni dislokasiya məntəqələrinə yerləşdirilməsi, həmçinin, zəruri mühəndis işlərinin görülməsi istiqamətində fəaliyyətlər davam etdirilir.