Bakı. Trend:
21 dekabr 2022-ci il tarixində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov və Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov arasında görüş baş tutub.
Mərkəzdən Trend-ə bildirilib ki, görüş zamanı Mərkəzin nəşri olan “Qələmin Sehri – Nizami Gəncəvinin Xəmsəsindən seçilmiş əlyazmalar” kitabının xüsusi nəşri hər iki dildə (Azərbaycan və İngilis dillərində) Milli Kitabxanaya təqdim olundu. Qeyd edək ki, sözügedən kitab Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə elan edilmiş “Nizami ili” çərçivəsində böyük şairin 880 illik yubileyinə həsr olunmuşdur.
Mərkəzə səfər edən Kərim Tahirov Mərkəzin nəzdində yaradılan və Nizami Gəncəvi irsinə aid nadir nüsxələrini, bir sıra dünya ədəbiyyatının tanınmış nümayəndələrinin əsərlərini özündə cəmləşdirən kitabxana ilə tanış olub. Mərkəz Metropolitan, Topkapı Sarayı, Viktoriya və Albert kimi məşhur müzeylərdən əldə etdiyi Nizami Gəncəvinin Xəmsəsinə aid qədimi əlyazmaları Kərim Tahirovun diqqətinə çatdırıb.
O cümlədən, Mərkəzin həmsədrləri xanım Vayra Vike-Frayberqanın “Nizami Gəncəvinin “Yeddi Gözəl” əsəri və ədəbiyyat barədə digər esselər” və Dr. İsmail Seragəldinin “Nizami Gəncəvi: Şair və Müdrik” adlı kitablar da Milli Kitabxanaya hədiyyə edildi.