...

"AzerGold"un sədri ikinci “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb (FOTO)

Gündəm Materials 2 Fevral 2023 15:48 (UTC +04:00)
"AzerGold"un sədri ikinci “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb (FOTO)

Bakı. Trend:

"AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin sədri Zakir İbrahimov 2-ci “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində layihə qaliblərindən biri olan Əli Əhmədov ilə görüş keçirib.

QSC-dən Trend-ə bildirilib ki, görüşdə Mentorluq proqramının iştirakçısını 2-ci “Yüksəliş” müsabiqəsində qaliblər sırasında yer alması münasibətilə təbrik edən Zakir İbrahimov onun praktiki fəaliyyətə cəlb olunmaqla idarəçilik sahəsində təcrübəsinin artırılması üçün zəruri dəstək göstəriləcəyini bildirilib. Layihənin idarəçi rəhbərlərindən biri olaraq "AzerGold" QSC-nin İdarə Heyətinin sədri 1 illik fərdi inkişaf planı əsasında müsabiqə qalibi ilə sıx əməkdaşlıq edəcəyini, onunla təcrübəsini bölüşəcəyini və beləliklə, öz potensialını üzə çıxarmasına kömək göstərəcəyini qeyd edib.

İlk dəfə 2021-ci illdə layihənin idarəçi rəhbərlərindən biri olaraq 1-ci “Yüksəliş” müsabiqəsinin qalibi Nazim Novruzovla Mentorluq proqramının icrasına başladığını xatırladan Z.İbrahimov ötən müddət ərzində müsabiqə qalibi ilə karyera planlaması, effektiv idarəçilik, etik prinsiplər və peşəkar standartlar, böhran menecmentinə dair kifayət qədər məhsuldar əməkdaşlığın qurulduğunu diqqətə çatdırıb. İdarə Heyətinin sədri 2-ci “Yüksəliş” müsabiqəsinin qalibi ilə də səmərəli əməkdaşlığın qurulacağına əmin olduğunu bildirib.

QSC-nin İdarə Heyətinin sədri əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan, onun layiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinə uyğun olaraq, bu gün ölkə gənclərinin dövlət idarəçiliyində irəli çəkildiyini, mühüm vəzifələrin onlara həvalə olunması, etibar edilməsi üçün layiqli və ədalətli seçim aparıldığını vurğulayıb. Qeyd olunub ki, məhz bu siyasətə uyğun olaraq dövlətimizin başçısı tərəfindən təsis edilən "Yüksəliş" müsabiqəsi idarəetmə bacarıqları və intellektual səviyyəsi yüksək olan perspektivli gənclərin müəyyən edilməsi, onların fərdi inkişafı istiqamətində ciddi addımların atılması, milli kadr ehtiyatının daha da zənginləşdirilməsində mühüm əhəmiyyət kəsb edir.

Görüşdə müsabiqə qalibi Əli Əhmədov 2-ci “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində "AzerGold" QSC-nin İdarə Heyətinin sədrinin şəxsi təcrübəsindən faydalanaraq, özünü inkişaf etdirməsi üçün yaradılan şəraitə və səmimi qəbula görə təşəkkürünü bildirib.

Xatırladaq ki, "Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidentinin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 21-51 yaş aralığında, iki illik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html) tərəfindən 1 illik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.

Qeyd edək ki, növbəti, sayca 3-cü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 20 dekabr 2022-ci il tarixində Sərəncam imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti