...

Hərbi tibb personalımız Kahramanmaraşda fəaliyyətə başlayıb (FOTO)

Gündəm Materials 8 Fevral 2023 17:28 (UTC +04:00)
Hərbi tibb personalımız Kahramanmaraşda fəaliyyətə başlayıb (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən Türkiyəyə ezam olunmuş Azərbaycan Ordusunun hərbi tibb personalı Kahramanmaraşda fəaliyyətə başlayıb.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Hərbi həkimlərimiz səhra hospitalında Türkiyənin Səhiyyə Nazirliyinin əməkdaşları ilə koordinasiyalı şəkildə zəlzələ nəticəsində xəsarət alanların qəbulu, qeydiyyatı, çeşidlənməsi, əməliyyat olunması və aidiyyəti üzrə digər tibb müəssisələrinə göndərilməsi işlərində fəal iştirak edir.

Qeyd edək ki, ümumi cərrah, travmatoloq, LOR cərrah, oftalmoloq, neyrocərrah, revmatoloq, anestezioloq, plastik-rekonstruktiv cərrah, feldşer, əməliyyat tibb bacıları və anestezistlər olmaqla, ümumilikdə 20 nəfərlik hərbi tibb personalı baş vermiş zəlzələdə xəsarət alan insanlara tibbi yardımın göstərilməsi məqsədilə qardaş ölkəyə ezam olunub.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Xeyli sayda insan həlak olub və yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti