...

“Qondarma rejimin ən uzunmüddətli prezidenti” Bako Sahakyan kimdir? (ARAŞDIRMA)

Gündəm Materials 6 Oktyabr 2023 14:52 (UTC +04:00)
“Qondarma rejimin ən uzunmüddətli prezidenti” Bako Sahakyan kimdir? (ARAŞDIRMA)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, Bako Sahakyan 03 oktyabr 2023-cü ildə saxlanılaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.2, 214.2.3 (mütəşəkkil dəstə tərəfindən təkrar odlu silahdan, partlayıcı maddələrdən və qurğulardan istifadə etməklə terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 214-3.2 (terrorçuluq məqsədi ilə təlimlər təşkil etmə), 228.3 (mütəşəkkil dəstə tərəfindən təkrar qanunsuz olaraq odlu silah, onun komplekt hissələri, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) və 279.3-cü (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və qruplar yaratma və fəaliyyətində iştirak etmə) maddələri ilə ittiham elan etməklə cinayət məsuliyyətinə cəlb edilib.

Trend xəbər verir ki, Bako Sahakyan barəsində internetin açıq mənbələrində kifayət qədər məlumatlar mövcuddur. Bako Sahakyan 1960-cı ildə Azərbaycanın Xankəndi şəhərində anadan olub.

1991-1993-cü illərdə 1-ci Qarabağ Müharibəsi zamanı qondarma “DQR silahlı qüvvələri komitəsi”nin rəis müavini olmaq etibarilə Azərbaycan Respublikası ərazisində dövlətə və mülki əhaliyə qarşı törədilmiş çoxsaylı cinayət əməllərinin təşkili və həyata keçirilməsində iştirak edib.

1999-2001-ci illərdə qondarma “Dağlıq Qarabağ Respublikasının Daxili işlər naziri", 2001-2007-ci illərdə qondarma “Dağlıq Qarabağ Respublikasının Milli Təhlükəsizlik Xidmətinin direktoru" vəzifələrini icra edib.

Təbii ki "Milli Təhlükəsizlik Xidmətinin direktoru" vəzifəsini icra etdiyi dövrdə Azərbaycan Silahlı Qüvvələri barədə kəşfiyyat məlumatlarının əldə edilməsini, habelə bu məlumatların Ermənistana ötürülməsini də təşkil edib.

Bako Sahakyan 2007-ci ilin sentyabr ayında qondarma rejimdə aparılmış qanunsuz seçki zamanı “prezident” seçilib, “prezident”lik illərində qondarma "Dağlıq Qarabağ ordusu" adlı qanunsuz terrorçu separatist silahlı birləşmələrin mütəmadi olaraq Ermənistan Respublikasından qanunsuz keçirilən döyüş texnikası və silah-sursatla təmin edilməsini, o cümlədən qanunsuz silahlı birləşmənin üzvlərinin terror təlimləri və saxlanılması üçün maddi təminatını təşkil edibdir.

2016-cı ildə "aprel döyüşləri" zamanı Azərbaycan Respublikası ordusuna qarşı aparılan döyüşlərdə həmin vaxt qondarma rejimin terrorçu silahlı birləşmələrinə faktiki rəhbərlik edib.

O, 21 may 2020-ci il tarixədək qondarma rejimin “prezidenti” olmaqla qondarma rejimə ən uzun müddət rəhbərlik etmiş şəxs olub.

Eləcə də bütün bu illər ərazində Azərbaycanın Qarabağ bölgəsində ərazilərin kütləvi minalanmasının həyata keçirilməsinə faktiki rəhbərlik edib.
Erməni seqmentinə aid mətbuat və sosial şəbəkələrdə yayılan məlumatlara əsasən, soyuqqanlı, hər cür vəziyyətdən öz xeyrinə istifadə edən şəxs kimi xarakterizə olunur.

Hazırda barəsində DTX-də aparılan cinayət işi üzrə Səbail rayon məhkəməsinin hakimi Azər Tağıyev tərəfindən 4 ay həbs qətimkan tədbiri seçilibdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti