Bakı. Trend:
6 iyulda Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü baş tutdu. Görüş zamanı Prezident İlham Əliyev müxtəlif istiqamətlərdə əhəmiyyətli çıxışlar etdi. Azərbaycanın təşəbbüsü ilə hər il keçirilən Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü, üzv ölkələr arasında əməkdaşlığı daha da möhkəmləndirmək üçün vacib bir platformadır.
Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev deyib.
Onun sözlərinə görə, bu təşəbbüs, ölkələr arasında daha sıx əməkdaşlıq və dialoq üçün yeni imkanlar yaradır.
"Azərbaycanın xarici siyasətində Türk ölkələri ilə əlaqələrin genişləndirilməsi əsas prioritetlərdən biridir. Türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsi, Azərbaycanın beynəlxalq arenada mövqeyini möhkəmləndirir.
Azərbaycan həmişə Türk dünyasının birləşməsi üçün səylər göstərib. Prezident İlham Əliyev Türk dünyasının siyasi, iqtisadi və hərbi qüdrətinin artması və qlobal arenada güc mərkəzinə çevrilməsi üçün təşəbbüslər göstərməyə davam edir", - deyə politoloq əlavə edib.
A.Qarayev qeyd edib ki, Prezident İlham Əliyev çıxışında vurğuladığı kimi, Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir. Üzv ölkələr geniş coğrafi əraziyə malikdirlər, müsbət demoqrafik dinamika və yüksək hərbi potensiala sahibdirlər. Zəngin təbii resurslar və müasir infrastruktur Türk dünyasının böyük sərvətidir.
"Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları, ölkələrimizi daha da birləşdirir. Prezident İlham Əliyev, Türk Dövlətləri Təşkilatının cari büdcəsi və strukturunun nəzərdə tutulan hədəflərin reallaşdırılması üçün yetərli olmadığını vurğuladı və buna görə, Azərbaycan bu günlərdə Katibliyin hesabına 2 milyon ABŞ dolları məbləğində vəsait köçürüb".
Politoloq onu da əlavə edib ki, Şuşada növbəti tarixi hadisə də baş tutdu.
"Türk dövlətləri arasında imzalanmış Qarabağ Bəyannaməsi və qəbul edilmiş qərarlar Türk dünyasının həmrəyliyini və Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunu daha da gücləndirəcəkdir. Nəticə olaraq Prezident İlham Əliyevin Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündəki çıxışı Azərbaycanın beynəlxalq aləmdə artan rolunu və Türk dünyasının birliyini daha da möhkəmləndirmək istiqamətində səylərini bir daha təsdiqlədi. Bu görüş, həmçinin əlaqələrinin daha da güclənməsi və müxtəlif sahələrdə əməkdaşlığın dərinləşməsi üçün yeni perspektivlər açır".