Bakı. Trend:
İyunun 11-də “Baku Marriott Hotel Boulevard” otelində Azərbaycan Mətbuat Şurası, Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyi (TŞİİB) və Veysəloğlu Şirkətlər Qrupunun media subyektlərinin (qəzet, jurnal, informasiya agentliyi, internet informasiya resursu, televiziya və radio) təmsilçiləri arasında “Kiçik və orta biznesin inkişafında pərakəndə sektorun rolu” mövzusunda keçirdiyi araşdırma müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Trend xəbər verir ki, tədbir
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə
başlayıb. Ardınca Vətən uğrunda şəhid olmuş qəhrəmanlarımızın
xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən “Ticarət Şəbəkələrinin İnkişafı” İctimai
Birliyinin baş katibi Araz İmanov bildirib ki, pərakəndə ticarət
şəbəkələri ölkə iqtisadiyyatının mühüm tərkib hissəsidir və bu
sahənin strateji əhəmiyyəti günü-gündən artır. Onun sözlərinə görə,
hazırda Azərbaycanda pərakəndə ticarət sahəsində şəbəkələrin bazar
payı təxminən 30–32 faiz təşkil edir. Halbuki inkişaf etmiş
ölkələrdə bu göstərici 90–95 faiz arasında dəyişir və bu, iqtisadi
inkişafın əsas indikatorlarından biri sayılır.
Daha sonra çıxış edən layihə rəhbəri Məhəmmədəli Qəribli, Milli
Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri
Azər Əmiraslanov və Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid
də pərakəndə sektorun ölkə iqtisadiyyatındakı strateji rolunu
vurğulayıblar.
Onlar qeyd ediblər ki, bu sektor təkcə satış və xidmətlə
məhdudlaşmır, eyni zamanda sahibkarlığın inkişafı, məşğulluğun
artırılması, regionların sosial-iqtisadi dirçəlişi və yerli
istehsalın təşviqi baxımından da mühüm əhəmiyyət daşıyır.
Çıxışlarda o da bildirilib ki, bu kimi media müsabiqələri
jurnalistlərin və ictimaiyyətin diqqətini pərakəndə ticarət
sektorunun real potensialına yönəltmək, bu sahənin iqtisadi
sistemdəki yerini daha dərindən analiz etmək və ictimaiyyətə
obyektiv informasiya təqdim etmək baxımından xüsusi önəm
daşıyır.
Tədbir zamanı mövzuya dair videoçarx da nümayiş etdirilib.