Gürcüstan, Tbilisi, 23 iyul /Trend, müxbir N.Kirsxaliya/
Gürcüstan sərhədçiləri Azərbaycana qaçaqmal keçirmək cəhdinin qarşısını alıblar.
Gürcüstan sərhəd polisindən bazar ertəsi Trend-ə verilən məlumata görə, milliyətcə azərbaycanlı olan üç Gürcüstan vətəndaşı - Musa Məmmədov, Məzahir Hacıyev və Namiq Hacıyev saxlanılıblar.
Sərhədçilərin məlumatına əsasən, onlar Gürcüstan-Azərbaycan sərhədindəki "Qırmızı körpü" sərhəd keçid məntəqəsindən qanunsuz yolla xeyli sayda mobil telefon keçirməyə cəhd ediblər. Həmin şəxslər sərhədi qanunsuz keçərkən saxlanılıblar.
Saxlanılanlara qarşı Gürcüstan Cinayət Məcəlləsinin 214-cü maddəsinin birinci hissəsi üzrə cinayət işi qaldırılıb. İşi sərhəd polisinin Baş Opertiv İdarəsinin birinci idarəsi aparır.