...

Azərbaycana gələn İran vətəndaşlarından külli miqdarda narkotik maddə götürülüb

Hadisə Materials 9 Sentyabr 2013 16:41 (UTC +04:00)
Azərbaycan gömrükçüləri tərəfindən İrandan ölkəmizə narkotik vasitələrin gətirilməsi faktları aşkarlanıb.
Azərbaycana gələn İran vətəndaşlarından külli miqdarda narkotik maddə götürülüb

Azərbaycan, Bakı, 9 sentyabr /Trend, müxbir İ.İzzət/

Azərbaycan gömrükçüləri tərəfindən İrandan ölkəmizə narkotik vasitələrin gətirilməsi faktları aşkarlanıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu günlərdə Astara Gömrük İdarəsinin Sərnişin-nəqliyyat şöbəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn İran İslam Respublikasının vətəndaşı Zarifi Edris Hosseinin idarə etdiyi, İran İslam Respublikası vətəndaşı Nasiri Mohammad Feizollahın sərnişini olduğu "Samand LX" markalı, "69 B 898-10" dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Baxış zamanı malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə yanacaq çəninin içərisində gömrük nəzarətindən gizlədilmiş 15 ədəd plastik qablarda külli miqdarda, 10 kiloqram 080 qram metamfetamin psixotrop maddəsi aşkar edilərək götürülüb.

Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədilə qanunsuz olaraq psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, daşıma və qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirmə faktına görə Dövlət Gömrük Komitəsi İstintaq İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanıb.

Aparılmış istintaqla müəyyən edilib ki, İran İslam Respublikasının vətəndaşı Zarifi Edris Hossein satış məqsədilə qanunsuz olaraq psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmə barədə İranın Saghez şəhərində tanışı Nasiri Mohammad Feizollah və şəxsiyyəti istintaqla müəyyən edilməmiş digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girib, bu məqsədlə malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə 15 ədəd plastik qablara yerləşdirib "Samand LX" markalı nəqliyyat vasitəsinin yanacaq çəninin içərisində gizlədib. Zarifi Edris Hossein külli miqdarda, 10 kiloqram 080 qram metamfetamin psixotrop maddəsini Saghez şəhərində Mohammad Nasiri ilə birlikdə cinayətkar qrupun şəxsiyyəti istintaqla müəyyən edilməmiş üzvündən əldə edib, saxlayıb, 8 milyon İran tüməni borcunun müqabilində Bakı şəhərinə gətirərək cinayətkar qrupun başqa bir üzvünə təhvil vermək üçün daşıyıb və Mohammad Nasiri ilə birlikdə Astara Gömrük İdarəsinin Sərnişin-nəqliyyat şöbəsində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd göstərib.

Beləliklə, Zarifi Edris Hossein və Nasiri Mohammad Feizollah şübhəli şəxs qismində tutulub məsuliyyətə cəlb edilərək Azərbaycan Respublikası CM-nin müvafiq maddələri ilə ittiham elan edilib və Bakı şəhəri Yasamal rayon məhkəməsi tərəfindən barələrində həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə cinayətkar qrupun digər üzvlərinin ifşa olunması ilə bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti