Azərbaycan, Bakı, 10 sentyabr /Trend/
Azərbaycan gömrükçüləri Türkiyədən gələn Azərbaycan vətəndaşlarından gömrük nəzarətinə təqdim edilməyən mallar götürüblər.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə veriləön məlumata görə, bu günlərdə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikasının vətəndaşı Bəxtiyarov Bəhruz İsman oğlu gömrük nəzarətinin yaşıl kanalını keçdikdən sonra onun hərəkətləri şübhə doğurduğu üçün saxlanılıb və ona aid baqajlara və əl yüklərinə baxış keçirilib.
Baxış zamanı 3 ədəd yaşıl sellofanla üzlənmiş açıq mavi rəngli plastik qutuların içərisindən Bəxtiyarov Bəhruz İsman oğlunun gömrük nəzarətinə təqdim etmədiyi, şifahi, kağız üzərində yazılı, elektron formada bəyan etmədiyi 59 kiloqram 687 qram gümüşdən hazırlanmış zərgərlik məmulatları aşkar olunub. Bundan sonra aşkar olunan əşyalar qablaşdırılaraq, hal şahidlərinin iştirakı ilə protokol əsasında götürülüb.
Daha bir qaçaqmalçılıq faktı Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən aşkarlanıb.
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən, 336 saylı İstanbul-Bakı aviareyslə gələn Azərbaycan Respublikası vətəndaşı Quliyev Vidadi Sübhan oğlu gömrük nəzarətindən keçdikdən sonra gömrük zonasını tərk etmək istəyərkən idarənin əməkdaşları tərəfindən saxlanılıb və gömrük bəyannaməsinin bəndləri üzrə şifahi sorğu-sual edilərkən, baqajında və əl yükündə mütləq bəyan olunası malların olmadığını bildirib.
Bundan sonra müvafiq qanunvericiliyə uyğun olaraq V.S.Quliyevə məxsus baqaja gömrük baxışı keçirilməsi və üzərində şəxsi yoxlama aparılması üçün o, gömrük yoxlama otağına dəvət olunub.
Quliyev Vidadi Sübhan oğluna məxsus olan tünd gəhvəyi rəngli çamadanına keçirilmiş gömrük baxışı zamanı çamadanın içərisindən əvvəlcədən gömrük nəzarətinə təqdim edilməmiş 150 ədəd diş implantları aşkar edilib, hal şahidlərinin iştirakı ilə protokol əsasında götürülüb.
Hər iki faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində təhqiqat aparılır.