Bakı. Trend:
Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşlarının sayıqlığı sayəsində növbəti dəfə külli miqdarda narkotik vasitənin Azərbaycana gətirilməsinin qarşısı alınıb, ümumilikdə 7 kiloqramdan çox narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
DSX-nın Mətbuat Mərkəzindən Trend-ə verilən məlumata görə, Füzuli rayonunun Böyük-Bəhmənli kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən İrandan Azərbaycana dövlət sərhədini pozmağa cəhd göstərən bir nəfər sərhəd pozucusunun qarşısı alınıb. Sərhəd naryadının “dayan” çağırışına və xəbərdarlıq atəşinə baxmayaraq havanın qaranlıq olmasından və relyefin xüsusiyyətlərindən istifadə edən sərhəd pozucusu geriyə qaçmağa müvəffəq olub. Ərazidə aparılmış axtarış tədbirləri nəticəsində 4 ədəd bağlamada ümumi çəkisi 4 kq 578 qram narkotik maddə olan marixuana aşkar olunub.
Cəlilabad rayonu, Dələli kənd ərazisindəki sərhəd zastavasının xidməti sahəsində işarəverici qurğulardan daxil olmuş siqnal əsasında əraziyə baxış zamanı 1 ədəd bağlamada 2 kq 500 qram narkotik maddə olan heroin aşkar olunaraq götürülüb. Hər iki faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.