Bakı. Samir Əli - Trend:
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşı Vüqar Güləliyev və dəstə üzvləri Nicat Əliyev, Anar İsmayılov, Ceyhun İbayev, Vüqar Əsədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Trend-in məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə qarşı hökm elan olunub.
Məhkəmənin hökmü ilə V. Güləliyev 8 il, C. İbayev 6 il 6 ay, V. Əsədov 6 il 6 ay, N. Əliyev 6 il 6 ay və A. İsmayılov 2 il müddətinə azadlıqdan məhrum ediliblər.
C. İbayev məhkəmə zalında həbs edilib, ev dustaqlığında olan V. Əsədov və A. İsmayılovun barəsində isə şərti cəza seçilib.
İttihama görə, təqsirləndirilən şəxslər zərərçəkmiş Səriyyə Tahirovanı aldadaraq onun həyat yoldaşını həbsdən azad edəcəklərini söz verib və 147 min manatını dələduzluq yolu ilə ələ keçiriblər.
Faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb.
Təqsirləndirilən V.Güləliyev ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq polkovniki olub.