...

Zərərçəkmiş: Keçmiş MTN əməkdaşları məni çağırıb qarşıma silah və narkotik qoydular

Hadisə Materials 24 Sentyabr 2019 15:01 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Bakı Hərbi Məhkəməsində hədə yolu ilə tələb etməkdə təqsirləndirilən Vüqar Mahmudovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Trend-in məlumatına görə, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində ifadə verən Tural İsgəndərli bildirib ki, keçmiş MTN-in Xəzər rayon idarəsinin rəisi Rafiq Səfərov ondan 10 000 dollar və 500 manat alıb:

"Həmin vaxt sosial şəbəkələrdə avtomobilimin yanında avtomat silahı ilə şəklim yayılmışdı. Həmin şəklin yayılmasından bir neçə gün sonra Rafiq Səfərovun işçiləri zəng edərək məni idarəyə dəvət etdilər. Orada dedilər ki, ölkədə həmin şəkilə görə xaos düşüb. Lənkəranlı olduğum üçün mənə Rövşən Lənkəranskinin dəstəsinin üzvü olduğumu bildirdilər. Onlara silahın mənə aid olmadığını, Rövşən Lənkəranski ilə əlaqələrimin olmadığını bildirdim. Lakin mənə inanmadılar, qabağıma silah və narkotik qoydular. Dedilər səni buna görə həbs edəcəyik".

Zərərçəkmiş deyib ki, idarədə azad olunması üçün 20 000 manat tələb edilib: "O qədər pulumun olmadığını dedim. Sonunda 10 000 dollar və 500 manat pul verdim. Verdiyim pulu ala bilməmişəm. Vüqar Mahmudovu tanımıram. Məndən pulu Rafiq Səfərov alıb. Onun barəsində cinayət işinin başlanmasını tələb edirəm".

Proses oktyabrın 7-də davam edəcək.

V.Mahmudov ötən il noyabr ayının əvvəlində həbs edilib.

O, hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunur.

Cinayət işi üzrə 7 nəfər zərərçəkmiş var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti