...

Xaçmazda kürəkənin keçmiş qayınatasını öldürməsinin TƏFƏRRÜATLARI

Hadisə Materials 24 Oktyabr 2019 12:17 (UTC +04:00)
Xaçmaz rayonunda keçmiş kürəkənin qayınatasını öldürməsinin səbəbi məlum olub.
Xaçmazda kürəkənin keçmiş qayınatasını öldürməsinin TƏFƏRRÜATLARI

Bakı. Samir Əli - Trend:

Xaçmaz rayonunda keçmiş kürəkənin qayınatasını öldürməsinin səbəbi məlum olub.

Trend-in məlumatına görə, hadisə rayonun Qımılqışlaq kəndində, qətlə yetirilən Əlihüseyn Qədirovun yaşadığı evin qarşısında baş verib.

Hüquq-mühafizə orqanları əməkdaşlarının apardığı araşdırma zamanı müəyyən edilib ki, kənd sakini, 1990-cı il təvəllüdlü Qurbanov Səfər İlham oğlu əvvəllər Ə.Qədirovun qızı Gülyanə Qədirova ilə evli olub. 2017-ci ildə cütlük arasındakı rəsmi nikah pozulub və S.Qurbanov bundan sonra ikinci dəfə ailə həyatı qurub.

Bir müddət əvvəl S.Qurbanov keçmiş həyat yoldaşı G.Qədirovanın başqa bir şəxslə ailə həyatı qurması barədə məlumat alıb və məsələni dəqiqləşdirmək üçün oktyabrın 23-də saat 11:30 radələrində keçmiş qayınatası Ə.Qədirovun yaşadığı evin qarşısına gəlib. Həyətin girişində Ə. Qədirovla rastlaşan S. Qurbanov keçmiş həyat yoldaşının yenidən evlənəcəyi ilə bağlı yayılan söhbətlərə etiraz edib. Nəticədə S.Qurbanovla Ə.Qədirov arasında mübahisə yaranıb.

Yaranmış mübahisə zəminində S.Qurbanov üzərində gəzdirdiyi bıçaqla Ə.Qədirovun döş qəfəsi, kürək, mədə və sol qol nahiyələrinə 7 bıçaq zərbəsi endirməklə onu qətlə yetirib.

S.Qurbanov cinayəti törətdikdən sonra könüllü olaraq Xaçmaz Rayon Polis Şöbəsinə gedərək təslim olub və cinayət aləti olan bıçağı hüquq- mühafizə orqanlarına təqdim edib.

Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti