Bakı. Trend:
İyunun 12-də saat 10:16-da Dövlət Sərhəd Xidmətindən (DSX) Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Lənkəran şəhərinin Liman qəsəbəsi ərazisində tank əleyhinə dörd ədəd minanın tapılması barədə məlumat daxil olub.
ANAMA-dan Trend-ə bildiriblər ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupunun, DSX-nin və Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım stansiyasının (“103” xidməti) əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və DSX-nin əməkdaşları qeyd olunmuş ərazidə dəniz sahilinə baxış keçiriblər. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən əhatəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində tank əleyhinə dörd ədəd TM-62M minası aşkarlanıb. Həmin sursat zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Minaların tapıldığı yerin ətrafında 1500 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.