...

Yeni il gecəsi Bakı sakinini güllələyən dəstənin işi məhkəməyə göndərildi

Hadisə Materials 31 Mart 2021 12:19 (UTC +04:00)
Yeni il gecəsi Bakı sakinini güllələyən dəstənin işi məhkəməyə göndərildi

Bakı. Samir Əli - Trend:

Bakıda tanışını güllələyib öldürən şəxslərin barəsində olan cinayət işinin istintaqı başa çatıb.

Baş Prokurorluqdan Trend-ə verilən məlumatda bildirilir ki, 31 dekabr 2020-ci il tarixdə saat 05 radələrində Pirallahı rayonu, Gürgan qəsəbəsi sakini 1987-ci il təvəllüdlü Röyal İlyasovun yaşadığı evin yaxınlığında baş nahiyəsində odlu silah yarası xəsarəti olan meyitinin aşkar olunması faktı ilə bağlı Azərbaycan Republikası Baş Prokurorluğunun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə istintaq aparılmışdır.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq maddi sübutlar, o cümlədən cinayətin aləti olan tüfəng müvafiq qaydada qablaşdırılaraq götürülmüş, şahidlər dindirilmiş və digər zəruri istintaq hərəkətləri yerinə yetirilmişdir.
İstintaqla 31.12.2020-ci il tarixdə gecə saat 02 radələrində zərərçəkmişin tanışları Elşən Gözəlov və Cəmil Hüseynovun cüzi səbəbə görə 30.12.2020-ci il tarixdə Röyal İlyasovla aralarında mübahisənin baş verməsini özlərinə hörmətsizlik kimi qəbul edib, bu hərəkətlərinə görə Röyal İlyasovu qəsdən öldürməklə cəzalandırmaq qərarına gələrək, xuliqanlıq niyyəti ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşərək sonuncunu yaşadığı evin yaxınlığında tüfəngdən atəş açaraq qəsdən öldürmələrinə əsaslı şübhələr müəyyən edilmişdir.

Cəmil Hüseynov və Elşən Gözəlov təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) və 120.2.2 (xuliqanlıq niyyətilə qəsdən adam öldürmə) maddələri ilə ittiham elan edilmiş və barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti