...

Vilyam Hacıyev hər həftə sahibkarlardan pul yığırdı - Məhkəmədə şahid

Hadisə Materials 4 Fevral 2022 14:51 (UTC +04:00)
Vilyam Hacıyev hər həftə sahibkarlardan pul yığırdı - Məhkəmədə şahid

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində İmişlinin həbsdə olan sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə
ifadə verən İcra hakimiyyətinin Hüquq şöbəsinin müdiri Rahib Zahidov bildirib ki, o V.Hacıyevin verdiyi tapşırıqları icra edib.

"Torpaq, mənzil, tikintiyə icazə almaq, torpaq təyinatını dəyişdirmək istəyən adamları mühasibatlığa yönləndirmişəm. Mən tapşırıqları icra etmişəm. Sərəncam layihəsini, müqavilələri hazırlayırdım. Burada həm qanuni, həm qanunsuz əməllər olurdu. Elə adamlardan pul alınıb mənzil verilirdi, elə adam öz növbəsi ilə alırdı. Biz etiraz edə bilmirdik. Vilyam Hacıyev deyirdi ki, “rəhbər mənəm, nə deyirəmsə, edin.
Evlər üçün pul otaqların sayına görə alınırdı. Məsələn, 2 otaqlı mənzil üçün 10 min, 3 otaqlı üçün 18 min pul verilirdi. Məsələn, 200 hektarlıq sahənin təyinatını dəyişdirmək üçün 20 min manat verildiyi yadımdadır.

Pulu verən adamlar pulu mənim yanımda mühasibə verirdi. İşimizi itirməmək üçün Vilyam Hacıyev nə deyirdi edirdik", - deyə şahid bildirib.

Prosesdə ifadə verən İH-in baş memarı Nazim Rəsulov isə qeyd edib ki, rayonda təmir-tikinti işlərinə nəzarət edib: "Mən sənədlərdəki uyğunsuzluqlarla bağlı irad bildirəndə Vilyam Hacıyev deyirdi ki, “mən başçıyam, nə deyirəmsə, elə”.

Vilyam Hacıyev hər həftə sahibkarlardan pul yığırdı. Tikintisi aparılmayan şeylər üçün büdcədən pul ayrılırdı. İşimiz rüşvət üzərində qurulmuşdu. Vəzifədə qalmaq üçün məcbur rəhbərə xidmət edirdim. İşimi itirməkdən qorxurdum.

Məsələn, vətəndaş müraciət edirdi ki, həyətyanı sahədə tikinti aparmaq istəyir. Mən də bu barədə başçıya məlumat verirdim. Başçı əraziyə uyğun olaraq məbləği deyirdi. Biz də vətəndaşa deyirdik”.

Baş memar bildirib ki, İcra Hakimiyyətinin yeni binasının tikintisi üçün bünövrə tamamlanmamış podratçı şirkətə 4 milyon manat köçürüldü: “Vilyam Hacıyevə dedim ki, belə olmaz. Sonra bu mənim üstümdə qalacaq. Görülən işlər şişirdilmiş şəkildə göstərilirdi. Üstəlik bir sənədə icra başçısı qol çəkibsə, mən onu ikinci dəfə geri qaytara bilməzdim. Hətta qaytardığıma görə məni 2 dəfə işdən çıxarmaq da istəyiblər”.

V.Hacıyev hər iki şahidin ifadəsinə etiraz edib və ittihamlarla razılaşmayıb.

Proses fevralın 7-də davam etdiriləcək.

Qeyd edək ki, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin icra hakimiyyətinin sərəncamında olan vəsaitlərin sosial yardım adı altında bir hissəsini ələ keçirilməsini, eləcə də ölkə ərazisində xüsusi karantin rejiminin tələblərinin pozulması ilə sərbəst hərəkət etmək üçün bəzi vətəndaşlara saxta arayışların verilməsini tapşırmasına, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsənilən pul vəsaitlərini sahibliyində olan yaşayış evində qəbul etdiyinə əsaslı şübhələr müəyyən olunub.

2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Vilyam Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Müvafiq ünvanlarda keçirilmiş baxış zamanı Vilyam Hacıyevin rayon icra hakimiyyətinin baş mühasibi Cəmil Musayev və başqaları vasitəsi ilə qəbul etdiyi pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, habelə ayrı-ayrı valyutalarda xüsusi qaydada qablaşdırılaraq saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.

İstintaq araşdırmaları zamanı, sosial-məişət şəraitinin aşağı olması ilə bağlı mənzil növbəsində olan şəxslərə İmişli şəhərində dövlət büdcəsi vəsaiti hesabına inşa edilmiş çoxmənzilli yaşayış binasında növbəli qaydada verilməli olan mənzillərin Vilyam Hacıyev tərəfindən rüşvət müqabilində qanunazidd verilməsinə əsaslı şübhələr müəyyən edilib.

Eyni zamanda, işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb edilərək aylıq qazanc əldə edə bilmələri üçün əməkhaqqı kartlarına köçürülən məbləğlərin Vilyam Hacıyev tərəfindən ələ keçirilməsinə dair məlumatlar əldə edilib.

Həmçinin Vilyam Hacıyevin rayon ərazisində təmir-tikinti, abadlıq işlərinə, habelə İmişli Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının tikintisinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsinin müntəzəm nağdlaşdıraraq mənimsəməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, Vilyam Hacıyevin tabeçiliyində olan vəzifəli şəxslər vasitəsilə yerli icra hakimiyyəti və digər dövlət orqanlarının vəzifəli şəxslərindən, eləcə də rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlardan müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına dair məlumatlar əldə edilib.

İstintaq orqanı tərəfindən Vilyam Hacıyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.

Səbail rayon Məhkəməsi tərəfindən V.Hacıyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti