...

“Moskva” ticarət mərkəzindən qızıl oğurlayanlar saxlanılıblar (FOTO/VİDEO)

Hadisə Materials 18 İyul 2022 12:18 (UTC +04:00)
“Moskva” ticarət mərkəzindən qızıl oğurlayanlar saxlanılıblar (FOTO/VİDEO)

Bakı. Trend:

Paytaxtın Nəsimi rayonunda yerləşən “Moskva” ticarət mərkəzində qızıl-zinət əşyalarının satıldığı mağazalardan birindən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, naməlum şəxs əvvəlcə qızıl almaq adı ilə dəyəri 2500 manat olan 1 ədəd üzüyü barmağına taxıb. Daha sonra o, satıcının başının qarışıq olmasında istifadə edib və qızılı oğurlayaraq hadisə yerindən yayınıb. Ərazidə xidmət aparan Baş Mühafuizə İdarəsinin Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşlarına məlumat verilən kimi hadisəni törədən şəxs qısa zamanda saxlanılıb və ərazi üzrə 19-cu Polis Şöbəsinə təhvil verilib. Şöbədə araşdırma aparılan zaman oğurluq edən şəxsin əvvəllər məhkum edilmiş İlqar İmranov olduğu məlum olub. Onun üzərindən oğurladığı qızıl üzük aşkar edilərək götürülüb. İlqar İmranovun oğurluq etməsi ticarət mərkəzinin təhlükəsizlik kameraları vasitəsi ilə də görüntülənib. Araşdırma zamanı onun Nərimanov rayonunda yerləşən qızıl-zinət əşyalarının satıldığı mağazalardan birindən də eyni üsulla 1 ədəd dəyəri 1000 manat olan qızıl üzük oğurladığı məlum olub.

Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbir nəticəsində “Moskva” ticarət mərkəzində baş verən daha bir oğurluq hadisəsini törədən şəxs qısa zamanda saxlanılıb.

Belə ki, qızıl piştaxtalarından birindən satıcının ani diqqətsizliyindən istifadə edərək 1 ədəd dəyəri 1300 manat olan brilliant üzüyü oğurlayan şəxs ərazidə xidmət aparan mühafizə polisləri tərəfindən saxlanılıb. Araşdırma zamanı onun əvvəllər də dəfələrlə oğurluq və digər cinayətlər etdiyi üçün məhkum edilmiş Ayaz Osmanov olduğu məlum olub. Onun üzərinə baxış zamanı oğurladığı üzük aşkar edilərək götürülüb.

İlqar İmranov və Ayaz Osmanovun digər cinayətlərdə əlinin olub-olmadığının müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti