Bakı. Trend:
Ötən il qeydə alınan cinayətlərin 30 faizə yaxını narkotiklə bağlı olub.
Dövlət Statistika Komitəsindən Trend-ə verilən xəbərə görə, Daxili İşlər Nazirliyinin məlumatlarına əsasən, 2022-ci ildə ölkədə qeydə alınmış 36494 cinayət hadisəsinin 10665-i və ya 29,2 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub ki, bu da 2021-ci ilin göstəricisindən 24,4 faiz çoxdur.
Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərin 62,8 faizini satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, 32,4 faizini eyni hərəkətləri satış məqsədilə etmə, habelə bu maddələri istehsal etmə, göndərmə, yaxud qanunsuz olaraq satma, 3,7 faizini qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə, 0,9 faizini güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi, 0,2 faizini isə digər cinayətlər təşkil etmişdir.
Hesabat dövründə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət törətmiş 8587 şəxs müəyyən edilib ki, onların da 34,4 faizini əvvəllər də cinayət məsuliyyətinə cəlb olunmuş şəxslər təşkil edib. Cinayət törətmiş şəxslərin 98,9 faizi cinayət məsuliyyətinə cəlb olunub, 1,1 faizi isə qanunvericiliyə uyğun olaraq cinayət məsuliyyətindən azad edilib.
Cinayət törətmiş şəxslərin 72,8 faizini heç yerdə işləməyən və oxumayanlar, 2,7 faizini qadınlar təşkil edib. Cinayət törədənlərin 0,2 faizi 14-17 yaşda olan uşaqlar, 7,0 faizi 18-24 yaşlı, 16,7 faizi 25-29 yaşlı gənclər, 76,1 faizi isə 30 və yuxarı yaşlı şəxslər olub.
Bununla yanaşı, 2022-ci il ərzində sözügedən məsələ ilə bağlı inzibati xəta törətmiş 2017 nəfər inzibati məsuliyyətə cəlb olunub ki, bu da əvvəlki ilin göstəricisindən 29,8 faiz çoxdur.
2022-ci ildə müsadirə edilərək qanunsuz dövriyyədən çıxarılmış 5034,5 kiloqram narkotik maddələrin 2250,3 kiloqramını heroin, 2134,2 kiloqramını marixuana, 434,6 kiloqramını tiryək, 38,2 kiloqramını həşiş, həşiş yağı və qətranı, 0,4 kiloqramını kokain, 176,8 kiloqramını isə digər narkotik və güclü təsiredici vasitələr təşkil edib.