...

Prokuror Bakıda əcnəbini alçaldaraq videoya çəkən dəstəyə 73 il cəza istədi

Hadisə Materials 27 Fevral 2023 14:24 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirlənirilən dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Trend-in məlumatına görə, prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxslərə cəza istəyib. Prokuror dəstə üzvlərindən Ağababa Musayev 13 il, Aqşin Məmmədova 13 il, Nihat Rəhimliyə 12 il 6 ay, Sübhan Xanlarova 12 il 6 ay, Elnur Vəliyevə 12 il, Sadiq Ovciyevə isə 10 il cəza istəyib.

Daha sonra məhkəmə hökm oxumaq üçün müşavirəyə yollanıb. İş üzrə məhkəmə prosesi martın 6-na təyin olunub.

İttihama görə, ötən il noyabrın 26-da Bakıda ali təhsil alan xarici ölkələrdən birinin vətəndaşı polisə müraciət edərək bildirib ki, sosial şəbəkələrdə tanış olduğu bir nəfər onu Yasamal rayonunda yerləşən “Qanlı göl” adlanan əraziyə çağırıb. Orada olan yarımtikilidə tanımadığı 4 nəfər ona qarşı fiziki zor tətbiq etməklə 1 ədəd dəyəri 1500 manat olan mobil telefonunu və 100 manat pulunu ələ keçiriblər. Həmin şəxslər daha sonra zərərçəkənin şəxsiyyətini alçaldan hərəkətlər edərək onu mobil telefon vasitəsi ilə lentə alıb polisə bu barədə şikayət edəcəyi təqdirdə həmin görüntüləri sosial şəbəkələrdə yayacaqları ilə hədələyiblər. Yasamal Rayon Polis İdarəsi və 28-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən dəstənin rəhbəri Sadiq Ovçiyev, Ağababa Musayev, Elnur Vəliyev, Nihat Rəhimli, Sübhan Xanlarov və Aqşin Məmmədov saxlanılaraq istintaqa təqdim ediliblər.

Araşdırma zamanı müəyyən edilib ki, bu şəxslər eyni üsulla, yəni sosial şəbəkələrdə tanış olub görüşmək adı altında müxtəlif vaxtlarda daha 12 nəfəri “Qanlı göl” adlanan əraziyə çağırıb onlara qarşı da quldurluq ediblər. Dəstə üzvləri həmin zərərçəkənlərin də şəxsiyyətlərini alçaldan hərəkətlər edərək mobil telefon vasitəsi ilə çəkiblər. Onların mobil telefonlarına baxış zamanı müxtəlif şəxslərə qarşı etdikləri hərəkətlər və hədə-qorxu videoları aşkar edilərək götürülüb.

Qeyd olunan faktlarla bağlı Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Dəstə üzvləri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti