Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə
Xızı-Giləzi yolunun Xızı rayonu ərazisindən keçən hissəsində bir
neçə avtomobilin güclü yağışın yaratdığı lilli və palçıqlı sel suyu
nəticəsində dərəyə yuvarlanması və vətəndaşların köməksiz
vəziyyətdə qalması barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, məlumatla əlaqədar dərhal
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb
olunub.
Əlverişsiz hava şəraitinə və günün qaranlıq vaxtı olmasına
baxmayaraq operativ olaraq həyata keçirilən xilasetmə əməliyyatı
nəticəsində yanğınsöndürən-xilasedicilər tərəfindən 2 nəfər qadın
dərəyə düşmüş nəqliyyat vasitəsindən çıxarılaraq xilas edilib.
FHN-in əraziyə cəlb edilmiş qüvvələri tərəfindən əməliyyat şəraitinə uyğun olaraq Xızı-Giləzi yolunun qeyd edilən hissəsində çətin vəziyyətdə qalan digər avtomobillər təhlükəsiz əraziyə çıxarılıb.