...

Bakı buxtasında "Pejvak" geoloji kəşfiyyat gəmisinin yanmasına gəmidə aparılan qaynaq işləri zamanı ehtiyatsızlıq səbəb olub

Hadisə Materials 15 Fevral 2006 12:06 (UTC +04:00)

Fevralın 14-də Bakı buxtasında, Xəzərin Bibiheybət qəsəbəsi yaxınlığındakı sularında İran İslam Respublikasına məxsus geoloji kəşfiyyat gəmisinin yanmasına gəmidə aparılan qaynaq işləri zamanı ehtiyatsızlıq səbəb olub. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin mətbuat xidmətinin rəhbəri Ağaəli İsmayılov məlumat verib.

"Nəticədə təmirə dayanmış 80x16 metr ölçülü, 4500 ton su tutumu olan geoloji kəşfiyyat gəmisinin yanar hissələri yanıb. Hadisə yerində təhqiqat aparılan zaman müəyyən edilib ki, yanğına səbəb təmir işləri aparılan zaman yanğın təhlükəsizliyi qaydalarının pozulması olub. Hazırda yanğın nəticəsində dəymiş zərərin miqdarı dəqiqləşdirilir" - deyə A.İsmayılov bildirib.

Qeyd edək ki, gəminin təmirini Gəmi Təmiri Zavodunda "Turan" Məhdud Məsuliyyətli Cəmiyyətinin işçiləri həyata keçirirmiş. Yanğın başlayarkən təmir işləri aparan ustalar dərhal gəmini tərk edib. Gəmi suyun ortasına - sahildən təxminən 200 metr aralıya aparılıb ki, yanğın digər sahələrə də keçib fəsadlar törətməsin. Gəminin söndürülməsi Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun və Baş Dövlət Yanğın Təhlükəsizliyinin rəisi Murad Hüseynovun nəzarəti altında həyata keçirilib. Yanğın günün ikinci yarısı saat 17.00-da söndürülüb.

Xəbər lenti

Xəbər lenti